Kamran Əliyev əməliyyat müşavirəsi keçirdi - FOTOLAR

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, həmçinin Ədliyyə Nazirliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin məsul əməkdaşlarının və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələrinin iştirakı ilə “Elektron prokurorluq” informasiya sisteminin tətbiqinə dair əməliyyat müşavirəsi keçiriib.

Bu barədə Sabahinfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin prokurorluq orqanlarına olan inam və etimadının təcəssümü olaraq prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılmasına dair 7 may 2021-ci il tarixli fərmanın icrası ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələrə dair ətraflı məlumat verib.

Bundan sonra ilkin mərhələdə informasiya sistemində tətbiqi nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə müəyyən edilən modulların işlənməsinə dair Baş Prokurorluğun idarə rəisi Elnur Musayev təqdimatla çıxış edib, ən müasir texnologiyaları və dövlət qurumlarının elektron məlumat bazalarına çıxışı nəzərdə tutulmuş sistemin üstünlükləri, işin səmərəliliyinin artırılmasına yönəlmiş funksiyalar diqqətə çatdırılıb.

Müşavirədə qısa müddət ərzində bütün prokurorluq orqanlarında tətbiqi nəzərdə tutulan informasiya sisteminin “Elektron Hökumət” portalına və “Elektron Məhkəmə” informasiya sisteminə tam inteqrasiyasının əhəmiyyəti vurğulanıb.

Əməliyyat müşavirəsinin sonunda Baş prokuror tərəfindən cari ilin 28 aprel tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verən yanğının səbəblərinin araşdırılmasında fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyi üzrə müvafiq əmrlə təltif olunan prokurorluq işçilərinə medal və döş nişanları təqdim edilib.