Kaspşik Ermənistan-Azərbaycan sərhədində

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Laçın sərhədinə gəlib.

Sabahinfo.az xəbər verir ki, ATƏT sədrinin tapşırığı ilə Laçın yolunda vəziyyətlə tanış olmaq üçün avqustun 22-də Ermənistana səfər edən Kaspşik Gorusun Laçınla həmsərhəd Kornidzor kəndində olub.

30 il ərzində münaqişənin həlli üçün səyləri yalnız bölgəyə əhəmiyyətsiz səfər etməkdən ibarət olan Kaspşik durbinlə Laçın sərhəd-buraxılış məntəqəsini və Azərbaycan ərazilərini müşahidə edib.

Onun sərhədə nə vaxt gəldiyi açıqlanmır.

Kaspşik Ermənistanla yanaşı, Azərbaycana da səfər etmək niyyətində olub. Lakin rəsmi Bakı onun bu səfərinə ehtiyac görməyib, bunu vaxt itkisi hesab edərək razılıq verməyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib: “Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb”.

Dövlət başçısı Minsk qrupu həmsədrlərinin artıq pensiya vaxtı olduğunu qeyd edib.

“Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.