Kazino oyunlarına nəzarət gücləndirilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib. Layihəyə əsasən, Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur. Həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur. 
Layihəyə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər. 
Məlumdur ki, Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu. Sirr deyil ki, keçid dövründə effektiv nəzarət mexanizmlərinin olmaması və dünya təcrübəsinin öyrənilməməsi həm bu fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, həm də qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı.  Lakin dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkan verir. Aydındır ki, normal tənzimləmə olduğu halda kazinolar ölkəyə turist cəlb edir,   yeni iş yerləri yaradır və verdiyi vergilərlə dövlət büdcəsinin gəlirinin artırılmasına şərait yarada bilir. Məsələn Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır.  Kazinoların leqallaşdığı və etiraf edək ki, soydaşlarımızın məhz bu məqsədlə çox üz tutduğu qonşu Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib.
Təbii ki, bu sahənin leqallaşdırılması və  tənzimlənməsi sadə məsələ deyil və bir çox amillərin nəzərə alınmasını zərurətə çevirir. Bu mənada, nəzərə almalıyıq ki, kazinolar ölkənin bütün ərazisini yox, yalnız süni torpaq sahələrini əhatələyəcək və kifayət qədər sərt tələblər əsasında lisenziya ala və çoxsaylı amillər, o cümlədən sosial-mənəvi aspektlər gözlənilməklə ciddi nəzarət altında fəaliyyət göstərə biləcək. 
Digər tərəfdən, etiraf etməliyik ki, hazırkı dövrdə bu sahədə fəaliyyətə qadağa tam mənada effektiv ola bilməz. Çünki, ötən dövrün təcrübəsi də göstərir ki, zaman-zaman Azərbaycanda gizli kazinolar yaradılıb və dəfələrlə hüquq-mühafizə orqanları bu cür fəaliyyətləri aşkar edib. Eyni zamanda bir qayda olaraq fırıldaqçılıqla məşğul olan onlayn-kazinoların fəaliyyəti kifayət qədər geniş vüsət alıb. Bu mənada, ölkədə cari qanun layihəsinin timsalında kazino fəaliyyətinin hüquqi bazası formalaşarsa, qeyri-leqal oyun biznesi və fırıldaqçılığa da ciddi zərbə olar, bu istiqamətdə vergidən yayındırılan vəsaiti dövlət büdcəsinə yönəldər, xaricə pul axınının və eyni zamanda çirkli pulların yuyulmasının qarşısının alınmasında önəmli rol oynayar.

Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı