Könül Nurullayeva AŞ PA-da Azərbaycanın süni intellekt təcrübəsini bölüşüb

AŞPA-nın yay sessiyası davam edir. Sessiya çərçivəsində müxtəlif müzakirələr aparılır. Milli Məclisin deputat Könül Nurullayeva bu gün “Onlayn kommunikasiyaya nəzarət: media plüralizminə təhlükə, məlumat azadlığı” mövzusunda təkliflərini irəli sürüb. Qeyd edib ki, inkişaf etməkdə olan texnologiyalar, xüsusən də Süni İntellekt bəzi aspektlərdə faydalı olsa da, onlar həm də ifadə azadlığı və media azadlığı kimi insan hüquqları üçün ciddi təhlükəyə çevrilmək potensialına malikdirlər. Amma ölkələr bu problemləri tənzimləməlidirlər.

Deputat Azərbaycanın süni intellekt sahəsində təcrübəsinə toxunaraq vurğulayıb ki, ölkəmiz yüksək texnologiyalara önəm verir. Bu, heç bir halda plüralizm və məlumat azadlığını məhdudlaşmır: “Çünki Azərbaycanda yeni qəbul olunan Media haqqında qanun müasir tələblərə cavab verir. Plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır. Qanun ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılmasına zəmin yaradır. Azərbaycan Cənubi Qafqaz regionunda Süni İntellekt texnologiyasından istifadə üzrə liderdir. Azərbaycan hökuməti eyni zamanda iqtisadi rifah üçün Süni İntellekt tədqiqatını və tətbiqini sürətləndirmək məqsədilə Milli Planın yaradılması üzərində işlərə başlayıb”.

Deputat həmçinin bəzi təkliflər də irəli sürüb. Qeyd edib ki, şəffaflıq istənilən ictimai nəzarət üçün əsas tələbdir və fərdlər onların həyatına təsir edən qərarların necə qəbul edilməsindən, məlumatların hansı məqsədlər üçün istifadə edildiyindən xəbərdar olmalıdırlar. K.Nurullayeva hesab edir ki, bu məqsədlərə nail olmaq üçün süni intellektin cəmiyyətə təsiri ilə bağlı müstəqil araşdırmalar dəstəklənməlidir: “Bundan əlavə, hökumətlər süni intellekt tətbiqi ilə bağlı şəffaf olmalı və süni intellektdən istifadə məqsədlərinin açıqlanmasını məcburi etməlidirlər. İkincisi, özəl şirkətlər də süni intellekt texnologiyasından istifadəyə görə cavabdehlik daşımalıdırlar. Süni intellektdən faydalananlar onun tətbiqinin hər hansı mənfi nəticələrinə görə məsuliyyət daşımalıdır və buna nail olmaq üçün ciddi qaydaların yaradılması vacib faktordur”.

K.Nurullayeva həmçinin vurğulayıb ki, insanların müxtəlif məqsədlər üçün məlumatlarının toplanması, monitorinqi və qiymətləndirilməsinə nəzarət etmək imkanı olmalı və bu məqsədə çatmaq üçün rəqəmsal savadlılığın artırılmasına ehtiyac var. Deputatın qənaətincə, süni intellekt sadəcə texnologiya deyil, həm də gələcəkdir: “Ona görə də biz daha yaxşı gələcək yaratmaq üçün bu texnologiyanın insan hüquqlarının pozulmasına mənfi təsirlərini dərk etməli və bu kimi halların qarşısını almalıyıq.”