Könüllü qan donorları təltif olunublar

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı Ümumdünya Qan Donoru Günü münasibətilə daimi qan verən könüllü donorlara və qanvermə aksiyalarını təşkil etməkdə kömək edən müəssisələrə təşəkkürnamə və hədiyyələr təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov xeyirxah təşəbbüsə qoşulan və dəstək olanlara minnətdarlığını bildirib.

İcraçı direktor deyib: “Könüllü donor olmaq çox önəmlidir. Bütün dünyada ən təhlükəsiz qan məhz könüllü donorların bağışladığı qan hesab olunur. Kişilər ildə dörd, qadınlar isə üç dəfə qan verə bilərlər. Donorlar Mərkəzi Qan Bankı və onun səkkiz regional bölməsinə - Şəki, Bərdə, Mingəçevir, Gəncə, Şirvan, Lənkəran, Sumqayıt və Quba bölmələrinə yaxınlaşıb qanlarını bağışlaya bilərlər”.

Daimi qan verən könüllü donorlar və qanvermə aksiyalarına dəstək olan müəssisələrə təşəkkürnamə və hədiyyələr təqdim olunub. Təltif olunanlar arasında AZƏRTAC-ın əməkdaşı Aydın Məmmədov da var.