İşğaldan azad olunmuş ərazilərdə növbəti mötəbər açılış həyata keçirildi. 28 May Müstəqillik Günündə həyata keçirilən tədbir bir sıra nüanslarla yadda qaldı. Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması və açılışdan sonra üç ölkənin liderlərinin Zirvə görüşünün keçirilməsi münasibətlərin gələcək inkişafının aydın mənzərəsini yaratdı. Azərbaycan, Türkiyə və Pakistan münasibətləri keçirilən Zirvə toplantısı ilə yeni mərhələyə qədəm qoydu. Sistemli inkişaf mərhələsi kimi dəyərləndirilən bu məqamda istisadi, siyasi, hərbi əməkdaşlıq Azərbaycanın xarici siyasətinin daha bir uğuru kimi qiymətləndirilir.
Tarix Azərbaycan, Türkiyə, Pakistanın bır sıra məsələlərdə ortaq mövqedən çıxış etdiyinin şahidi olub. Hər zaman vahid mövqedən çıxış edən hər üç ölkə eyni zamanda yeni hədəflərin reallaşmasına vəsilə olur və olacaq.
Dövlət başçısı İlham Əliyev Laçında keçirilən Zirvə görüşündəki çıxışında bır sıra məsələlərə toxundu. Qeyd etdi ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib: “Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində böyük layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik”.
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının gələcək inkişafının əməkdaşlığın institusional səviyyəyə çatdıracağını bildiriblər. Bütün bunların fonunda Laçından Azərbacyan, Türkiyə, Pakistan liderlərinin verdiyi mesajlar regionla yanaşı yenidən qurulacaq yeni dünya düzəni üçün mühüm perspektivlər vəd edir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı