“Laçından baxanda aydın olur ki, düşmən bizi izləyir”

“Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra qarşımızda duran əsas məsələlər azad edilmiş ərazilərimizdə quruculuq işləri, həyatın bərpa edilməsi, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması idi”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Laçın rayonunun deputatı Mahir Abbaszadə deyib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdən Şərqi Zəngəzur iqtisadi rayonuna aid olan Laçının və kəndlərinin bərpası Azərbaycanın iqtisadi gücü və maliyyəsi hesabına həyata keçirilir:

“Ötən il avqust ayında Laçın şəhərinin mərkəzi erməni işğalçılarından tamamilə təmizləndi. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan buraya səfər etdi, Laçında Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Ölkə başçısının tapşırığı ilə qısa müddətdə Laçın bərpa edildi, yaşayış məntəqələri salındı. 2023-cü il mayın 28-də prezidentin iştirakı ilə 20 ailənin Laçın şəhərinə köçürülməsi baş tutdu. Bu, laçınlıların və Azərbaycanın tarixində önəmli hadisədir.

Erməni işğalından sonra torpaqlarımızın bərpası böyük nailiyyətdir. Azərbaycanın Ermənistanla sərhədə ən yaxın məsafəsi məhz Laçındır. Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq məqsədilə çəkilmiş yol da Laçın ərazisindən keçir. Bütün bunlar Laçının strateji əhəmiyyətini bir daha göz önünə sərir. Laçından baxanda aydın olur ki, sərhədlərimizin o biri tərəfindən, çox yaxın bir məsafədən düşmən bizi izləyir. Torpaqlarımızda apardığımız quruculuq-bərpa işlərini ermənilər görürlər. Öz ata-baba yurdlarına köçən insanların rifahına onlar da şahid olurlar. Bu, Azərbaycanın gücünü ifadə etməklə bərabər Ermənistana bir mesajdır. Ona görə, Laçına köçün növbəti mərhələsi çox əhəmiyyətli məsələdir.

Xüsusi qeyd etmək istəyirəm ki, Laçında da, işğaldan azad edilmiş digər ərazilərimizdə də təhlükəsizlik tam təmin edilib. Laçında sərhəd-buraxılış məntəqəsi qurulub və erməni əhalinin də ciddi yoxlanışı həyata keçirilir. Bütün bunlar Azərbaycan dövlətinin Laçını bərpa etmək, qurmaq, yaratmaqla bağlı münasibətini bu məsələyə önəm verdiyini bir daha sübut edir”.

Qeyd edək ki, bu gün Laçın şəhərinə növbəti köç həyata keçirilir. Belə ki, daha 22 ailə (72 nəfər) doğma yurduna geri dönüb.

Xatırladaq ki, mayın 27-də Laçın şəhərinə ilk olaraq 20 ailə (97 nəfər) köçürülmüşdü.