Laçını Berdzor etmişdiniz, Füzulini Varanda...

Son günlərdə Qarabağın dağlıq hissəsindəki qondarma qurumun Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə yönəlik təxribatları, bir neçə mülki və hərbi insanlarımızın ölümünə səbəb olan mina partlayışları Azərbaycanı lokal anti-terror tədbirləri keçirməyə məcbur etdi. Qoyulan hədəflərə çatmağa cəmi bir neçə saat bəs elədi. Bu zaman ərzində mülki əhaliyə xəsər yetirmədən bütün hərbi nöqtələr dəqiqliklə, yüksək dəqiqliyə malik silahlarla məhv edildi.

Bu, Azərbaycan ordusunun gücünü bir daha dünyaya göstərdi. Bu, bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini və təhlükəsizliyini təmin etmək gücündədir.

Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. Biz 44 günlük Zəfərimizə qədər 27 il gözlədik. Zəfərimizdən sonra da daha 3 il (üst-üstə 30 il) gözlədik ki, ermənilər, Ermənistan dövləti imzalanmış bəyanata riayət edəcək, silahlı dəstələrini Azərbaycan ərazisindən çıxaracaq və ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaq. Lakin Ermənistan silahlı qüvvələri və qeyri-qanuni silahlı dəstələr Qarabağ ərazisində qalmaqda davam etdilər. Azərbaycan dünyəvi, hüquqi, azad, demokratik bir ölkədir. Bizim ölkədə qeyri-qanuni silah gəzdirmək cinayət sayılır, ola ki, silahlı birləşmələr.

Artıq əməliyyat başa çatıb və məsələlər öz həllini tapıb. Bundan qaynaqlanan digər məsələlərin həlli istiqamətində də intensiv işlər gedir. Artıq Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşlər keçirilir. Xankəndinə Ağdam-Xankəndi yolu ilə yardım, yanacaq gedir. Xankəndi artıq Azərbaycanın enerji sisteminə qoşulub.

Antiterror əməliyyatları dövründə Ermənistan da müəyyən siyasi səriştə göstərib. Ola bilsin ki, Ermənistan başa düşür ki, 30 illik əsassız işğal və qonşularına qarşı apardığı bu mürtəce siyasətin bu gün dünyada gedən və gözlənilən geopolitik durumda heç bir perspektivi yoxdur. Biz əvvəldən öz sözümüzü demişik. Ölkə prezidenti cənab İlham Əliyev 20 sentyabrda xalqa müraciətində, Türkiyə prezidenti cənab R.T. Ərdoğanla Naxşıvandakı görüşündən sonra verdiyi bəyanatda bir daha aydın şəkildə bildirdi ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.

Bu, gün hərbi birləşmələrlə yanaşı digər mülki insanların da getməsi barədə Erməni mətbuatında yazır, biz də bunu müşahidə edirik. Biz heç kimin yolunu kəsmirik, heç kimi də ölkəmizdən qovmuruq. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna görə də Azərbaycan heç bir vətəndaşını ölkədən qovmaz, govmur da. Bu, həm də Azərbaycan vətəndaşının Konstitusion hüququdur. Azərbaycan multukural, çoxkonfessiyalı ölkə ölaraq müxtəlif xalqların, o cümlədən azlıqların birgə yaşama modelini artıq dünyaya çoxdan təqdim edib. Mən hesab edirəm ki, gedənlər əsasən qeyri-qanuni hərbi birləşmələrin üzvləri və sözsüz ki, onların ailələridir. Ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”. Ola bilsin ki, günahlarını bilərək və cinayət məsuliyyətlərini bilərək getməyi düzgün hesab edirlər.

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün isə yeni tarixi bir şans yaradılıb. Azad, sivil bir cəmiyyəyə, Azərbaycan cəmiyyətinə re-inteqrasiya olunun və yaşayın. 30 il əvvəl öz ata-baba yurlarından Azərbaycanlılar qovulanda nəinki bir təklif olunub, güclə canlarını götürüb həyatlarını xilas edə biliblər, minlərlə insan isə həyatını itirib.

BMT Təhlükəsizlik Şurasının son 21.09.2023 iclasında Avropa İttifaqının Xarici siyasət işləri üzrə komissarı cənab Borrel yenə də sərsəmləyərək Laçın korridorunun geniş formatda yenidən açılmasını bildirir (a full re-opening of the Lachin corridor). Almaniya xarici işlər naziri xanım Berbok hətta deyir ki, Qarabağda yaşayan ermənilər təhlükəsiz və yaxşı yaşamağa layıqdirlər. Olsun, bəs bir milyona yaşın mənim Azərbaycanlı soydaşım, qanım öz tarixi ata-baba yurdlarından didərgin düşəndə hansı səbəbdən təhlükəsiz və yaxşı yaşamağa layıq olmayıblar? Deyə bilərsinizmi?

Biz sizə (erməni əhalisinə) ərzaq, dərman, yanacaq, elektrik enerjisi və s. veririk. Hətta qalıb Azərbaycan vətəndaşı olmağı da təklif edirik. Bu gün Azərbaycan vətəndaşı olmaq həm də böyük bir şərəfdir. Azərbaycan vətəndaşı olmaq üçün Azərbaycanda döğulmalısan. Vətənindirsə buyur yaşa. Ya da Azərbaycan vətəndaşı olmaq üçün Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında böyük xidmətlərin olmalıdır. Daha silah qaldırmaq yox.

Laçını Berdzor etmişdiniz, Fizulini Varanda... Şükürlər olsun ki, bu məsələlərə son qoyuldu. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi , Stepanakert adlı şəhər yoxdur. Utanmaz utanmaz Xocalı kimi bir şəhərin adını qoyublar “İvanyan”. İvan və Yan .

Buyurun, gedin. Seçim sizindir. O qədər pis əməllər etmisiniz ki, özünüzə arxayın deyilsiz. Amma gedib ordan bizə “daş atmayasınız”. Onsuz da bilirik “daş atacaqsınız”. Amma “daş atmaq” istəyəndə, bir an dayanıb, “Dəmir yumruğu” yada salın. Sonra cəsarətiniz olsa atın.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Qarabağdan köçən ermənilərə Fransada sığınacaq verilməyəcəyini deyib. Buyurun, bu da sizin Fransanız, himayədarınız və bacınız!

44 günlük Zəfərimiz 30 illik işğala son qoydu, Laçın buraxılış məntəqəsi ərazi butovluyumuzu, son anti-terror tədbirləri isə bizim suverenliyimizi təmin etdi.

Fikrimi cənab İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: ”Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq”.

Qarabağ Azərbaycandır!

İltizam Yusifov
Milli Məclisin deputatı