Laçın şəhəri. 2 nömrəli məktəb. “Kiçik Dünya” Uşaqların Maarifləndiril- məsinə Kömək İctimai Birliyinin yeni layihəsi – “İşğaldan azad olmuş ərazilərdə Füzuli, Laçın, Xocalıda uşaqlarla görüşlərin keçirilməsi”. Layihə Qeyri Hökumət Təşkilatlarınna Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçdi. Layihə rəhbəri və icraçı uşaqların sevdiyi yazıçı, H.Zərdabi mükafatçısı, AYB-nin Prezident təqaüdçüsü Gülzar İbrahimova idi.
Tədbirin təşkilati işlərini Laçın rayonunun Bərpa, Tikinti və İdarəetmə Xidməti öhdəsinə götürmüşdü. İdarə tədbiri yüksək səviyyədə təşkil etmişdi. Belə ki, yay tətili olmasına baxmayaraq, görüşə 100- dən çox uşaq toplaşmışdı. İsti hava şəraitində uşaqların tədbirə gəlişi üçün xüsusi kondisionerli avtobuslar təşkil edilmişdi ki, bu da tədbirin yüksək səviyyədə keçməsinin əsas şərtlərindən biridir.
Uşaqlarla görüş Laçın şəhərinin gözəl, səfalı bir zirvəsində yerləşən - 2 nömrəli məktəbdə keçdi. Məktəb rəhbərliyinin tədbirə böyük səylə hazırlaşdıqları keçirilən tədbirdə əksini tapdı.
Həmçinin yazıçı ilə görüşdə Ədalət Məmmədov adına Zabux məktəbinin, Sus kənd orta məktəbin müəllim və şagirdləri dəiştirak etdi.
Tədbiri 2 nömrəli məktəbin Uşaq birliyi rəhbəri Ülviyyə Cəfərova açaraq, hər 3 məktəbin rəhbərliyi və görüşdə iştirak edən şagirdləri adından salamladı.
2 nömrəli məktəbin təşkilatçı müavini Rüxsarə Nəsibzadə toplaşanlara yazıçı haqda qısa məlumat verərək, yayın isti günündə şagirdlərin görüşünə gəldiyinə görə, qonağa təşəkkür etdi. Həmçinin neçə ilin pedaqoqu bildirdi ki, bir yay günü uşağa nağıl kitabları hədiyyə etmək, ən gözəl hədiyyədir. Əgər bu kitabı müəllif öz əli ilə şagirdə verirsə, bu həqiqətən də uşağa mütaliəni sevdirən bir təşəbbüsdür. Rüxsarə müəllim hədiyyələrə görə layihəyə dəstək olan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də minnətdarlıq bildirməyi vacib hesab etdi.
Lahiyə rəhbəri Gülzar İbrahimovanın bildirdiyinə görə “Kiçik Dünya”Uşaqların maarifləndirilməsinə Kömək İctimai Birliyinin Əsasnaməsinə əsasən belə tədbirlər mütəmadi keçirilir. Nəticə etibarı ilə uşaqlar əylənərək öyrənirlər. Laçın görüşü çox uğurla keçdi ona görə ki, müəllif bütün iştirakçılara öz müəllifi olduğu kitablarından hədiyyə etdi. Həm iştirak edən uşaqlara, həm də Laçın kitabxanasına. Uşaqların zövqünə görə hədiyyələr onları sevindirdi.
İştirak edən 3 məktəb kitabxanalarına və Laçın Mərkəzi Kitabxanasına “Ciddi ol” yumor kitabı, “Trolların sirri”, ”Dünyanın himni uşaq qığıltısıdır”, “Sehrli nağıllar”, “Ağır cəza” kitablarından hədiyyə edildi.
Tədbirdə keçirilən Krossvord müsabiqələri, Əyləncəli tapmacalar, Şer, Gizlənpaç müsabiqələri iştirakçıların çox xoşuna gəldi. Böyük sinif şagirdlərini ən çox cəlb edən “Qədim Azərbaycan” krossvordu oldu. Bu Azərbaycanın qədim adlarını öyrədən müsabiqə azca çətin olsa da, Sus məktəbinin uşaqları krossvordun öhdəsindən asanlıqla gəldilər. Bu Laçınlı balaların yüksək intellektindən xəbər verdi. Krossvord qaliblərinə “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin “Qızıl Açar”diplomları və xüsusi hədiyyələri təqdim edildi.
Yazıçı Gülzar İbrahimova görüşdə uşaqlara yaradıcılığındakı yeni əsərlərindən danışdı. Yenicə hazırladığı “Yusif və cücələr”, “Balaca bir qız dünyanı necə dəyişdirdi”, “Sincab acgöz Canavarı necə aldatdı” yeni cizgi filmləri hazırladıqlarını bildirdi. Sonra təzə yazdığı “Yay gəldi”, “Günəş və Ayın söhbəti”, “Cırcırama laylası”, “Gizlənpaç”, “Nağıllar” şeirlərini oxudu.
Tədbirin sonunda uşaqlara hədiyyə edilən kitab və hədiyyə olan paketlər əlbəttə ki, onları sevindirdi. Birlikdə xatirə şəkilləri çəkildi.



