Makron hakimiyyəti xalqın etimadını itirib, etirazlar kütləvi itaətsizliyə çevrilib - Deputat

Təəssüf ki, Qərb və Avropa institutları baş vermiş hadisəyə susqunluqla yanaşırlar.

Fransada növbəti dəfə bir vəhşilik nümayiş etdirilərək 17 yaşlı bir yeniyetmə polis tərəfindən qətlə yetirilib. Bu gün isə Fransada baş verən iğtişaşlarda həbs olunanların sayı 150-yə çatıb. Fransa prezidenti bununla bağlı olaraq iyunun 29-u, saat 8-də nazirliklərarası böhran iclasını çağırıb. Aparılan rəy və sorğular da göstərir ki, bu gün Fransada irqçilik və rasisizm, eyni zamanda etnik dözümsüzlük ən üst səviyyəyə çatıb. Sorğuların nəticələrinə görə, cəmiyyət içərisində bu eyforiyanın güclü olmağının ən böyük səbəblərindən biri Fransanın radikal faşist-siyasi qüvvələridir.

Milli Məclisin deputatı Cavid Osmanov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu hadisə irqi zəmində baş verib: “Çünki, qətlə yetirilən yeniyetmə Əlcəzair əsillidir. Fransa polisinin ona tabe olmayan yeniyetməni soyuqqanlılıqla qətlə yetirməsi, əlbətəə ki, fransız cəmiyyətində şok yaradıb.”

C.Osmanov qeyd etdi ki, bundan sonra ölkədə kütləvi iğtişaşlar başlayıb: “Baxmayaraq ki, qətli həyata keçirən polis artıq həbs edilib. Amma artıq bir çox şəhərlərdə barrikadalar qurularaq iğtişaşlar baş verir, avtomobillərə od vurulur, polislə toqquşmalar var. Fransanın paytaxtı Paris də daxil olmaqla bir çox vilayətlərdə artıq bu iğtişaşlar keçirilməkdədir. İlk növbədə əlbəttə ki, baş vermiş hadisə onu göstərir ki, Makron hakimiyyəti xalqın tam etimadını itirib, artıq öz xalqı ilə diktatura kimi davranışının bir göstəricisidir.”

C.Osmanovun sözlərinə görə, bu, bir etiraz deyil, əlbəttə ki, kütləvi itaətsizlikdir: “Bu kütləvi itaətsizlik artıq Fransanın təxminən hər bir vilayətində baş verir. Digər bir tərəfdən də çox maraqlı məqam da ondan ibarətdir ki, təəssüf ki, Qərb və Avropa institutları baş vermiş hadisəyə susqunluqla yanaşırlar.”