Masallıda bəzi yol nahiyələrində hərəkətin intensivliyini və təhlükəsizliyini təmin edəcək zəruri vasitələrə ehtiyac duyulur 

Radarların, həmçinin yollarda maksimum sürət həddini göstərən nişanların quraşdırılması bütün dünyada olduğu kimi, Azərbaycanda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, ağır qəzaların qarşısının alınmasına hesablanıb. Radar yerləşdirilərkən ərazidə baş vermiş qəzalar, hüquq pozuntuları, yolda hərəkət şəraitinin xüsusiyyətləri, piyadaların hərəkətinin intensivliyi və sair nəzərə alınır. Radarsız və videomüşahidəsiz yollarda daha çox qəzaların olması bu işin davamlı aparılması işinin vacibliyini artırır.

Masallı rayonu ilə Lənkəran şəhərini birləşdirən ehtiyatda olan magistral yolun Masallı rayonunun Boradigah qəsəbəsindən keçən hissəsində bir neçə yol kəsişmələrində və piyada keçidlərində hərəkətin tənzimlənməsi ilə bağlı problemlər vardır. Sakinlərin sözlərinə görə, bu yolda radar və işıqforun olmaması səbəbindən sürət həddi aşılır və ağır nəticəli qəzalar baş verir. Sakinlər təhlükəsizliklərindən narahat olduqlarını bildirərək aidiyyəti orqanları müvafiq tədbirlər həyata keçirməyə çağırırlar. Aşağıda konkret ünvanları fotoşəkillərin müşayiəti ilə göstərilən yol nahiyələrində hərəkətin intensivliyini və təhlükəsizliyini təmin edəcək zəruri vasitələrə ehtiyac duyulur: Şəhid plakatının yanına sürət radarı; Üçyol ayrıcında – Köhnə dəyirmanın qarşısına işıqfor; Daş bazarının qarşısına sürət radarı.

Ümidvarıq ki, aidiyyəti qurumların mütəxəssisləri sözügedən yol nahiyələrinə baxış keçirəcək, vəziyyəti təhlil edib hərəkətin tənzimlənməsini təmin edən texniki vasitələrin quraşdırılmasını məqsədəuyğun hesab edəcəklər.

 Elnarə Həziyeva