"Bu büdcə ilə biz gələn il yaşamalı, inkişaf etməliyik. Mədəniyyət sahəsi elə sahədir ki, nə qədər pul ayırsan da, ona çatmayacaq".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda minlərlə abidə var və onların üzərində iş aparmaq çox vacibdir: "Təbii ki, hamısını birdən eləmək olmaz. Amma planla üzərlərində işləmək olar".
P.Bülbüloğlu qeyd edib ki, gələn il büdcədən kino sahəsinə vəsait ayrılmayıb: "Büdcədə vəsait nəzərdə tutulmayıb. Bunun səbəblərini bilmirəm. Azərbaycan kinosunun böyük ənənələri və dünyada səs salmış filmləri var. Bizim gözəl film nümunələri var ki, bütün dünyada tanınıb. Belə halda kinoya heç bir vəsait ayrılmaması çox böyük təhlükə yaradır".