Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə “Media könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir.
Sabahinfo.az Medianın İnkişafı Agentliyinin yaydığı məlumata istinadla bu barədə xəbər verir.
Bildirilib ki, proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.
Media sahəsində MEDİA könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər linkə daxil olaraq qeydiyyatdan keçməlidir.
“MEDİA könüllüləri” Proqramı 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 6 sentyabrdır.