Media nümayəndələrinə qarşı təzyiq, hədə-qorxu və zorakılıq Fransada söz azadlığına qarşı böyük təhdiddir

Fransada Azərbaycan Televiziyasının əməkdaşlarının çəkiliş zamanı kamerasının əllərindən alınıb, sındırılması və silahla təhdid olunması informasiya əldə etmək istəyən şəxsə qarşı kobudluqdur və birbaşa zorakılıqdır. Fransada baş vermiş bu hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə beynəlxalq media azadlığına kobud müdaxilə və jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq deməkdir. Media nümayəndələrinə qarşı təzyiq, hədə-qorxu və zorakılıq daima insan haqları və demokratiyadan dəm vuran Fransanın birbaşa söz və ifadə azadlığına basqınıdır. 

Dünyanın heç bir demokratik ölkəsində jurnalistlərə qarşı belə kobud hərəkətlərə yol verilmir. Bu hadisə ancaq diktatura hökm sürən dövlətlərdə baş verə bilər. Təəssüflə qeyd etməliyik ki, son 10 ildə Fransada söz azadlığı ilə bağlı problemlər kifayət qədər ciddidir. Media mühitinin ağırlaşması, qanunvericiliyin pisləşməsi, jurnalistlərə qarşı müxtəlif insidentlərin baş verməsi, media mənsublarının hücumlara məruz qalması, həbs olunması, xəsarətlər alması Fransa hökumətinin azad jurnalistika fəaliyyətinə kobud şəkildə müdaxiləsidir.

Göründüyü kimi Fransada mətbuata dövlət tərəfindən total nəzarət hökm sürür. Burada media dövlətdən, onun iradəsindən çox asılıdır. Sadəcə çox gülüncdür ki, medianı tam və güzəştsiz nəzarətdə saxlayan Fransa hökuməti başqa dövlətlərə gəlincə media azadlığından danışır və buna görə başqa ölkələri qınayır, hədəf alır, hətta sıxışdırır. Baş vermiş hadisə isə fundamental dəyərlərdən – insan haqları və demokratiyadan dəm vuran Fransanın özünün birbaşa insanlara qarşı qanunsuz hərəkətlər etdiyini sübut etmiş olur.  

Fransada fəaliyyət göstərən Azərbaycan jurnalistlərinin təhlükəsizliyinin təmin olunması və sağlamlığının qorunmasında bütün məsuliyyət Fransa hökumətinin üzərinə düşür. Ümumiyyətlə media azadlığı bütün digər insan hüquqlarının qorunması üçün vacibdir. Fransanın hüquq-mühafizə orqanları ölkəmizin media nümayəndələrinə qarşı törədilən cinayəti mütləq araşdırmalı, öz vəzifələrini yerinə yetirən şəxslərə qarşı zorakılıq edən cinayətkarların təxirə salınmadan məsuliyyətə cəlb olunmasını təmin etməli, bu hücumun arxasında kimlərin dayandığını qanunla tənzimləməlidir.

 

Anar Məmmədov,

Milli Məclisin deputatı