Mənəviyyatsızlıq sərhəd tanımır - Deputat yazır

Azərbaycan işğal dövründə olduğu kimi, bu gün də haqsızlıqla üzləşir, böyük güclərdən bəzilərinin ikili standartlar siyasətinin hədəfinə çevrilir. Elə bu cür siyasi riyakarlığın nəticəsidir ki, BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı olan məlum dörd qətnaməsi icra olunmadı və 27 il ərzində kağız üzərində qaldı. Nəticədə BMT kimi mötəbər təşkilatın nüfuzuna kölgə salındı, beynəlxalq hüququn aliliyinə bəslənilən ictimai inama isə ciddi zərbə vuruldu. Cəmiyyətimiz əyani şəkildə gördü ki, BMT-nin digər ölkələrə aid olan qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, nədənsə eyni səviyyədə həmrəylik və qətiyyət göstərilmədi. Bu cür ayrı-seçkilik etməklə təkcə regionumuzda deyil, əslində, bütün dünyada işğalçılıq və separatçılıq kimi təhlükəli meyillər  təşviq olundu. Sanki dünya birliyinə, xüsusilə böyük güclərə belə bir mesaj verildi ki, siyasi maraqlar və haqsız ambisiyalar, lazım gəldikdə, beynəlxalq hüquqdan, o cümlədən ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı olan fundamental prinsipdən üstün tutula bilər.

Bəşər tarixindən məlum olduğu kimi, əsassız iddialar naminə ortaq dəyərlərin və ümumdünya nizam qaydalarının gözardı edilməsi bütün dövrlərdə daha böyük təhlükələrə yol açıb. 30 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinə göz yumanların və erməni separatçılığını şirnikləndirənlərin bir çoxu artıq qəbul edir ki, əgər zamanında BMT qətnamələrinin icrası təmin olunsaydı, Ukraynada və digər çoğrafiyalarda separatçılıq meyilləri baş qaldırmaya da bilərdi, kənardan onu təşviq edənlər isə beynəlxalq hüququ pozmağa bu qədər həvəs göstərməzdi. Təhlükəsiz dünya nizamını təhdid edən, onminlərlə günahsız insanın ölümünə səbəb olan Rusiya-Ukrayna müharibəsi həm də bu cür riyakarlığın, ayrı-ayrı güclərin marağına xidmət edən ikili standartlar siyasətinin nəticəsidir. Prezident İlham Əliyev, elə bu səbəbdən, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə beynəlxalq birliyə mesaj verdi ki, dünya nizamını siyasi ambisiyalar və maraqlar deyil, beynəlxalq-hüquq normaları tənzimləməlidir və BMT-də qlobal çağırışlarla ayaqlaşa biləcək islahatlar aparılmalıdır. Çünki fərqli coğrafiyalarda mövcud olan eyni mahiyyətli hadisələrə ortaq mövqedən yanaşılmadıqca və ikili standartlar aradan qaldırılmayana qədər, təhlükəsiz dünya nizamnı bərpa etmək çox çətin, bəlkə də mümkünsüz olacaq.

Ölkəmizə gəldikdə, Azərbaycan coğrafi baxımdan çox böyük olmasa da, müstəqillik dövründə üzləşdiyi haqsızlığa, çoxsaylı təzyiq və təhdid cəhdlərinə baxmayaraq, bəşəri dəyərlərə və fundamental beynəlxalq prinsiplərə hər zaman sadiq olub. Hətta bəzi böyük güclərin aşırı ambisiyaları və əsassız iddiaları qarşısında belə, Azərbaycan Prezidenti qərar və bəyanatlarında yalnız beynəlxalq-hüquq normalarına və tarixi ədalətə söykənib. Prezident İlham Əliyev 2022-ci il yanvarın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə Birgə Bəyannaməni imzalayarkən bu dəyərlərə sadiq olduğunu bir daha nümayiş etdirdi, çoxlarına örnək ola biləcək qətiyyətli mövqe ortaya qoydu. Azərbaycan Prezidenti həmin səfər çərçivəsində beynəlxalq birliyə növbəti dəfə bu mesajı verdi: “Ukrayna və Azərbaycan uzun illər ərzində bir-biri ilə uğurla əməkdaşlıq edir, biz beynəlxalq platformalarda da bir-birimizin maraqlarını müdafiə edirik. İki ölkənin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi, müdafiə edilməsi əməkdaşlığımızın səviyyəsindən xəbər verir”. Dövlətimizin başçısı bu bəyanatı ilə əyani şəkildə göstərdi ki, Azərbaycan ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı fundamental beynəlxalq prinsipə sadiqdir və ölkəmizin bu mövqeyi digər subyektlərlə yanaşı, Ukraynaya münasibətdə də dəyişməzdir. Yerləşdiyimiz coğrafiyanın mürəkkəbliyini, ətrafımızdakı ambisiya və xülyalar bolluğunu nəzərə alsaq, bu bəyanatın arxasında dayanan siyasi iradə əzmini görməmək və onu dəyərləndirməmək ədalətsizlik olardı.

Təəssüf ki, dünya nizamını təhdid edən təhlükələrin pik həddə çatdığı bir dövrdə belə, bəzi güc mərkəzləri ikili standartlar siyasətindən hələ də əl çəkməyiblər. Belələri ya mövcud təhlükənin miqyasını görə bilmir, ya da öz məsuliyyətlərini sonadək dərk etmirlər. Rusiya-Ukrayna müharibəsinə görə, bir tərəfdən, çoxsaylı sanksiya qərarları qəbul edilir, digər tərəfdən isə, bu sanksiyaların pozulmasında tez-tez adı hallanan Ermənistanın addımlarına göz yumulur. Nüfuzlu beyin mərkəzləri durmadan həyəcan təbili çalır ki, Ermənistanın xarici ticarət dövriyyəsi birdən-birə dəfələrlə artıbsa, bunun arxasında kiçik bir ölkənin daxili tələbatı deyil, sanksiyaları pozmaqla başqasının marağına yarınmaq siyasəti dayanır. Amma bütün bunlara baxmayaraq, Ermənistanın baş naziri demokratiya zirvələrinə dəvət alır və həmin  tədbirlərdə iştirak edir. Əslində, təkcə bu faktın özü o deməkdir ki, bəzi siyasi dairələr riyakar yanaşmadan və ikili standartlar mövqeyindən, nəticədə isə ədalət anlayışına kölgə salmaq təcrübəsindən hələ də imtina etməyiblər. Ermənistanın himayədarlarının təhriki ilə bəziləri onu da görmək istəmir ki, 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti ilə yanaşı, erməni cəmiyyəti də dərin mənəvi-psixoloji sarsıntı içərisindədir. Səbəbi isə budur ki, onlar hələ də işğalın və separatçılığın yolverilməz olduğunu qəbul etmirlər. Hətta onun da fərqində deyillər ki, mütərəqqi dünya ölkələrinin əksəriyyəti artıq bu cür təhlükəli meyillərə qarşı ortaq mövqe formalaşdırır. Ən başlıcası, ermənilər “məğlubedilməzliklə” bağlı xəstə xülyalarında yanıldıqları ilə barışa bilmirlər. Təəssüf ki, bu cür xəstə və təhlükəli mənəvi-psixoloji ab-havanın formalaşmasında vaxtilə Ermənistanı işğala, Qarabağdakı erməniləri isə separatçılığa şirnikləndirən dairələr də az rol oynamayıb. Acınacaqlı olan həm də budur ki, beynəlxalq hüququ ikili standartların və siyasi ambisiyalarının güdazına verən bəzi aparıcı dövlətlər ermənilərin qəflət yuxusundan oyanmasını, xam xəyallardan uzaqlaşmasını hələ də istəmir.

Elə bu səbəbdən, həmin dairələr onu da görmək istəmirlər ki, erməni Apostol kilsəsi Moskvada “Arbat” adlı erməni batalyonunun yaradılmasına “xeyir-dua” verib. Batalyonun məqsədi Donbasda Ermənistan bayrağı altında separatçıların sırasında ukraynalılara qarşı döyüşməkdir. “Ukrainskaya Pravda” qəzetinin 4 iyul tarixli sayında dərc olunmuş məqalədə qeyd edilir ki, erməni keşişlərinin “xeyir-dua” verdikləri batalyona “abrek” ləqəbli Hayk Qasparyan rəhbərlik edir. Onun komandir seçilməsi də təsadüfi deyil. Yazıda bildirilir ki, Qasparyan məlum “Vaqner” qruplaşmasında hərbi təlim keçib. Məlumatda  diqqət çəkən başqa bir məqam isə ondan ibarətdir ki, erməni batalyonunun üzvləri arasında Armen Sərkisyan adlı şəxs də var. Bu, o kəsdir ki, 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı mülki insanlara divan tutan qruplardan birinə rəhbərlik edib. O vaxt qətlə yetirilmiş ukraynalı jurnalist Vyaçeslav Veremiinin ölümündə təqsirli bilinən Yuri Krisin məhkəmə istintaqı zamanı etiraf edib ki, dinc insanlara qarşı terror aktını törətməyə onu məhz Armen  təşviq edib, buna görə ona 20 min ABŞ dolları da verib.

Ukrayna mediasında yer alan bu rüsvayçı məlumatı, təəssüf ki, Ermənistana himayədarlıq edən dairələr görməzdən gəlir. Onlar hələ də fərqinə varmırlar ki, erməni Apostol kilsəsinin xüsusi canfəşanlıqla təqdim etdiyi bu batalyon təkcə erməni cəmiyyətində yaşanan mənəvi aşınmanın təzahürü deyil. Bu canfəşanlıq həm də onun göstəricisidir ki, haqqa və ədalətə, sülhə və əmin-amanlığa çağırmalı olan erməni kilsəsinin nümayəndələri öz cəmiyyətlərindəki dəyərlər aşınmasının əsas təqsirkarlarındandır. Belə olmasaydı, din xadimləri işğalçı müharibəyə dəstək verməzdi, erməni kilsəsi dinc ukraynalıları qırmağa gedən terrorçu dəstənin təşkilatlanmasında iştirak etməzdi. Nəhayət, bu belə olmasaydı, erməni kilsəsi Ukraynada qadınlara, qocalara, hətta uşaqlara qarşı cinsi təcavüz cinayətlərinin törədilməsinə səbəb olmuş müharibəyə Ermənistanın bayrağı altında öz millətinin nümayəndələrini göndərməzdi. Heç şübhəsiz ki, bütün bunlar əxlaq və mənəvi dəyərlər seçiminin göstəricisidir.  Bu dəyərlərin nə dərəcədə aşındığını görmək istəməyən və hələ də Ermənistana havadarlıq edən dairələr bilməlidirlər ki, erməni Apostol kilsəsinin təşviq etdiyi mənəviyyatsızlıq və bu gün Ukraynaya göndərdiyi terrorçu dəstə bir gün onların da qapısına dirənə bilər. Çünki mənəviyyatsızlıq sərhəd tanımır.

Ülvi Quliyev

Milli Məclisin deputatı