Məzahir Əfəndiyev Göyçayda geniş tərkibdə konfrans formatında görüş keçirdi

Heç kəsə sirr deyil ki, hər bir sahədə olduğu kimi, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, ədliyyə sisteminin hərtərəfli inkişafı sahəsində də atılan ilk addımlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin həm sovetlər dönəmində, həm də 1993-cü ildən başlayaraq apardığı hüquqi islahatlar nəticəsində ölkəmizdə yeni ədliyyə institutları yaradıldı, insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində də öz əksini tapdı.

Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir.

Böyük siyasətçi insan hüquqları sahəsi çərçivəsində milli ədliyyə sisteminin inkişafına güclü stimul vermişdi. Azərbaycanda ədliyyə siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsi məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.

“Heydər Əliyev İli”ndə bu sahədə görülən işləri regionda təbliğ etmək, habelə müzakirələr aparmaq məqsədilə 09 mart 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayon Heydər Əliyev Mərkəzində bir neçə rayonun ədliyyə idarəsinin işçiləri, o cümlədən məhkəmə hakimləri, notarius, bələdiyyə nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, vəkillər və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə geniş tərkibdə konfrans formatında görüş keçirdi.

Görüşdən öncə millət vəkili Ümummili Lider Heydər Əliyevin abidəsini ziyarət etdi. Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə başlandı. Sonra Ulu Öndərin ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nüçayiş olundu.

Konfransda “Heydər Əliyev və ədliyyə sistemi” mövzusunda çıxış edən M.Əfəndiyev ilk növbədə çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixindən söz açaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da Heydər Əliyev mərhələsinin mövcud olduğunu qeyd etdi.

Çıxış zamanı müstəqillik illərində bu sahənin sürətlə inkişaf etdiyini vurğulayan deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirildiyini, nazirliyin səlahiyyətlərinin genişləndirildiyini, cəmiyyətdə rolunun artdığını diqqətə çatdırdı: “Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir”.

Millət vəkili ədliyyə sisteminin inkişaf istiqamətlərindən danışaraq bu gün dünyamızın sürətlə dəyişdiyini, yeni çağırışların qarşımıza qoyduğu tələbləri nəzərə alaraq Azərbaycanda ədliyyə sisteminin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə inkişaf etdirildiyini xüsusi vurğuladı: “Son illərdə həyata keçirilən vacib layihələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq, rəqəmsallaşma, dördüncü sənaye inqilabının formalaşdırdığı yeni düzən milli ədliyyəmizin də baş verən dəyişikliklərə uyğunlaşmasına gətirib çıxardı”.

Digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və ədliyyə institutlarının quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən söz açdılar. Umummilli Liderin siyasi kursu, dövlətçilik prinsipləri, insan hüquq və azadlıqları, ədliyyə siyasəti haqqında fikirlər konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Daha sonra M.Əfəndiyev Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün ədliyyə fəaliyyəti ilə bağlı keçirilən “açıq qapı” günündə iştirak etdi, qəbula gələn seçicilərin çoxsaylı müraciətləri dinlənildi. Eyni zamanda həmin gün Göyçay rayonunda keçirilən nikahların təntənəli qeydiyyat mərasimi keçirildi.