Milləti yerdən qaldırıb göylərə ucaldan İlham Əliyevin….- Zahid Oruc yazır

Dövlətimizin siyasi gündəliyində Qələbəmizi diplomatik-siyasi müstəvidə davam etdirmək və sülh müqaviləsində əbədiləşdirmək olduğunu bütün dünya gördüyü halda, “26 sentyabr əsri”ndə və işğalın əsirliyində qalan-yəni, 44 müqəddəs günün mənəvi bütövlüyündən və Zəfər erasından keçməyən qüvvələrin mövzuları, narrativləri hakimiyyətin 100-cü dərəcəli sabiq məmurunun üzərindən antidövlət kampaniyası qurmaq, hüquq-mühafizə, məxfi xidmət orqanlarına qarşı informasiya terroru aparmaq daimi siyasi fəaliyyət meydanına çevirdikləri cəzaçəkmə müsəssisələrini, yaxud məhkəmə önü aksiyalarını xalqa nicat ünvanı kimi təqdim etməkdən ibarətdir.

Ölkə əhalisinin bir faizinin tanımadığı, siyasi idealları və qlobal geosiyasi axınları dərk etmədikləri aşkar görünən bir ovuc qrupun, o cümlədən Tofiq Yaqublunun cinayəti də küçə mübarizələrində törətdiyi qanunsuz əməllərdən başlayıb, daha sonra hazırki sənəd saxtalaşdırmaları ilə külli miqdarda ziyan vurmaya qədər inkişaf etdiyi halda onu aclıq aksiyası ilə “qurban”a çevirib cismini hakimiyyətin üstünə atmağa hazır olan “işğal partiyası” üzvlərinin Pravda. az-a məhz həmin əməlləri ifadə etməyimizi qəbullana bilmir. Uydurulmuş, heç bir əsası olmayan tezisləri adımızdan tirajlayıb ətrafında müdafiə taktikasını qurduqlarını görəndə prinsipsizliklərinə, günlük hadisələrin axarında süründüklərinə və düşüncələrinin gələcəyə deyil, keçmişə, qəfəsə yönəldiyinə əmin olursan.

Şuşa yüksəkliyini keçməyənlərin Bakını 90-cı illər meydanı kimi görmək istəməsi əsla təəccüblü deyil. Çünki ondan sonra min kilometrlər aşağı yuvarladıqları milləti yerdən qaldırıb göylərə ucaldan İlham Əliyevin qlobal zirvəsindən çox aşağıdadırlar.

Əli Kərimli “Azərbaycan saatı” və ruhu ilə deyil, fransız vaxtı ilə yaşadığı üçün hələ də bilmir ki, ölkəmizin azadlığına 907-ci qadağanı irəli sürən və Konqresdə layihəyə müəllfilik edən Tom Lantos sülaləsinin digər üzvləri Bakıya gəlib Elçibəyi ermənilərə münasibətinə görə ittiham edirdilər. İndi “AXC-nin varisi” olduğunu deyən adamın öz liderini mühakiməyə qalxan şəxslərin düşmən ssenarisində yer alması, Amerika qanunverici orqanında ölkəmiz əleyhinə apardıqları kampaniyada alətə çevrilməsi ikiqat cinayətdir-həm dövlətə, həm də siyasi müəliminə qarşı.

Lakin bütün məğlubiyyətlərdən keçən bir şəxsin müxalifətçiliyi həm də əqidə yoldaşlarının həyatını məhv etməkdən ibarət olub. Azərbaycanın Ermənistan üzərində qələbəsi 90-cı illərdə Qarabağı hakimiyyət uğrunda mübarizə silahına döndərənlərin əlindən aldığı üçün ətrafındakı bir ovuc aldadılmış insanları da özü ilə bərabər həbsə sürükləyir.

Ən böyük cəza Qələbə hissindən məhrum olmaqdır!

 

Zahid Oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri