Millətin qan yaddaşı

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün faciələrə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli fərmanı ilə respublikamızda 31 Mart - Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.
Təəssüf ki, 1918-ci ildəki azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri beynəlxalq miqyasda hələ də öz siyasi-hüquqi qiymətini almamışdır.
Azərbaycan dövlət bir xalqa qarşı əsrlər boyu davam edən nifrət siyasəti nəticəsində törədilən soyqırım cinayətlərinə beynəlxalq ictimaiyyətin biganə yanaşmasını, eləcə də cinayətkarların ədalət mühakiməsinə cəlb edilməməsini cəzasızlıq sindromunun inkişafına, yeni bəşəri cinayətlərin törədilməsinə, insan hüquqlarının kütləvi pozuntularının geniş vüsət almasına gətirib çıxara biləcəyini bütün beynəlxalq platformalarda xüsusi olaraq vurğulamışdır.
Bu gün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır.
Azərbaycan xalqı illərdir gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini daim yad edəcək və əbədiyyən qəlbində yaşadacaqdır. Heç təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Şuşanın azad olunmasını, Azərbaycan xalqı isə Zəfər gününü tarixi həqiqətləri daim yada salan, şəhidlik zirvəsinin nə olduğunu hər addımda xatırladan Şəhidlər xiyabanında qeyd etdi. Çünki müstəqil Azərbaycan uğrunda canlarından keçənlərin ən böyük hədiyyəsi azad Vətən torpağıdır.
Azərbaycan regionda və dünyada dinamik inkişaf edən dövlət olaraq, həm də əməkdaşlıq və tolerantlıq məkanı kimi qəbul olunur. Ölkədə möhkəm sosial və milli-dini həmrəylik mövcuddur.
Azərbaycan soyqırımı faktlarından başqa xalqlara düşmənçilik və nifrət aşılamaq üçün istifadə etmir. Ölkəmiz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyir.
Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir.

Əminə Ağazadə 
Milli Məclisin deputatı