Milli Cəbhə Partiyasının (MCP) Avropa Parlamentinin qərəzli qətnaməsiylə bağlı BƏYANATI

Milli Cəbhə Partiyası (MCP) Avropa Parlamentinin qəbul etdiyi guya Azərbaycan hökumətinin hazırda mövcud olmayan “Dağlıq Qarabağ”da erməni mədəni irsini məhv etmək, inkar etmək siyasətini qəti şəkildə tənqid edən qətnaməni pisləyir və qəbul etmir.

Avropa Parlamentinin nəzirinə onu da çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur.

Birmənalı şəkildə bəyan edir ki, bu, absurt, tam əsassız, qərəzli qərardır. Bu qətnamə erməni lobbisinin Avropa Parlamenti üzərindəki təzyiqinin, eyni zamanda da Avropa Parlamentinin Azərbaycana qarşı, İslama qarşı qərəzinin, ikili standartlarının göstəricisidir.

Hər kəsə məlumdur ki, Azərbaycan tarixən çoxmillətli, çoxdinli, çoxdilli, müxtəlif xalqların, dinlərin, inancların birlikdə sülh, əminamanlıq şəraitində yaşadığı bir dövlətdir. Azərbaycanda heç bir zaman istər etnik, istər dini zəmində problem yaşanmayıb. İnancından asılı olmayaraq hər kəs bu ölkənin bərabərhüquqlu vətəndaşıdır. Bəli, zaman-zaman Azərbaycanı qarışdırmaq, zəiflətmək üçün kənar güclər, düşmənlər buna cəhd ediblər, lakin Azərbaycan xalqı, insanı, dövləti belə çirkin oyunlara, təxribatlara imkan verməyib, şərait yaratmayıb.

Biz tam əksinə bir qərar gözləyirdik. Gözləntimiz bu idi ki, Avropa Parlamenti həmin ərazilərə nümayəndə heyyəti göndərsin, vəziyyəti yerindəcə araşdırsın və obyektiv, ədalətli qərar versin. Lakin Avropa Parlamenti heç bir araşdırma aparmadan, sadəcə erməni lobbisinin təzyiqi altında belə bir absurt qətnamə qəbul etdi.

Gözləntimizin tam əksinə olması da olduqca təbiidir, əsaslıdır. Ona görə ki, ermənilərin Qarabağda törətdiyi vəhşiliklər, vandallıqlar tam faktlarla sübut edilib və bütün dünyaya göstərilib. Ermənilərin Azərbaycanın tarixi şəhərlərini viran qoyması, daşı daş üstə buraxmaması, tarixi abidələrimizi məhv etməsi, məscidlərimizi dağıtması, təhqir etməsi, müqəddəs məkanlarımızda heyvan, inək, donuz saxlaması çox ciddi, bariz faktlarla sübut edilib. Haqqlı olaraq biz də ermənistana qarşı tədbir görüləcəyini gözləyirdik.

Eyni zamanda, bütün bunlara, erməni vandallığına rəğmən bu gün Azərbaycanın paytaxtında erməni kilsəsi fəaliyyət göstərir. Ümumiyyətllə bu gün Azərbaycanda bütün dinlərin, inancların müqəddəs məkanları tam sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan hökuməti nəinki Azərbaycanda, dünyada kilsələrin təmirinə, bərpasına vəsait ayırır. Bu gün Gürcüstanda erməni kilsələri Azərbaycan dövləti tərəfindən pulsuz qazla təmin edilir.

Bütün bunları Avropa Parlamenti görmür, bilmir ? Görür, bilir. Bu gerçəklər, reallıqlar onların özünə də gün kimi aydın ikən, Azərbaycan ciddi zərərçəkən tərəf ikən, Avropa Parlamentinin erməni lobbisinin təzyiqi altında, eləcə də xristian təəssübkeşliyindən, islama qarşı qərəzli yanaşmasından doğan belə bir ədalətsiz, yalan qətnamə qəbul etməsini kəskin pisləyirik, bu rəzilliyi rədd edirik.

Milli Cəbhə Partiyası tələb edir ki, Avropa Parlamenti ən qısa zamanda bu yanlışdan dönsün, səhvini düzəltsin.