Milli dəyərlərin layiqli yaşadıcısı

Müasir qlobal reallıqda Azərbaycan ərazi ölçüsü, əhali sayına görə xüsusi göstəricilərə malik deyil, əksinə, kiçik ölkə sayılır. Lakin məhz cənab İlham Əliyevin vizyonu sayəsində danılmaz faktdır ki, Azərbaycan müasir geosiyasi situasiyada nəinki bölgəmiz, bütövlükdə qlobal mənada hərbi-siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevrilib. 

Təbii ki, qlobal ziddiyyətlərin gücləndiyi bir şəraitdə rəqabətqabiliyyətli güclü dövlətə çevrilmək sadə məsələ deyil. Amma bu gün hətta Azərbaycan əleyhinə bütün güc və imkanlarını səfərbər etmiş beynəlxalq subyektlər belə ölkəmizin siyasi cəhətdən tam müstəqil, iqtisadi cəhətdən isə tam suveren dövlət olduğunu etiraf edirlər. 

Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələr və əldə edilən nailiyyətlər fonunda dəyişməyən bir reallıq var ki, tarixin heç bir dövründə ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövləti bu səviyyədə təmsil, xalqın vahidliyi bu şəkildə təcəssüm, dövlətçiliyin varisliyi isə bu səviyyədə təmin edilməyib. İndi tarixin heç bir dövründə olmadığımız qədər güclüyük. Əlbəttə ki, Prezident İlham Əliyevin sayəsində! 

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bazisində bu inkarolunmaz reallığın yaradılmasında möhtərəm Prezidentin ən yaxın silahdaşı isə Birinci vitse-prezident Mehriban xanım Əliyevadır.

Milli dövlətçilik tariximizdə irs və iz qoymuş qadınlar az olmasa da, siyasətdə, diplomatiyada, idarəçilikdə, beynəlxalq münasibətlər müstəvisində Mehriban xanım Əliyeva qədər yüksək zirvəni fəth edən olmayıb. Mehriban xanımın, sözün əsl mənasında, böyük azərbaycanlı, qətiyyətli mövqeyə malik vətəndaş kimi xidmətləri onun çox gənc yaşlarına, hələ ötən əsrin 80-ci illərinin sonuna təsadüf edir. 

Ulu Öndər Heydər Əliyevin qərəz, həsəd və düşmənçiliklə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən heç bir əsaslandırma olmadan uzaqlaşdırılmasının ardınca Ümummilli Liderin ətrafında ona sədaqətlə bağlı qalan çox azsaylı cəsarətli insanlardan biri məhz artıq öz cameəsində kifayət qədər yaxşı tanınan, hörmət edilən həkim və ziyalı Mehriban xanım Əliyeva idi. Elə həmin dövrlərdə Azərbaycan Xalq Cəbhəsi hərəkatı M.S.Qorbaçovun yenidənqurmasını dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alındığı dövrdə İlham Əliyev sovet miqyasında, əslində, cəbhəçilərin ideoloqu olan Qorbaçovun rejiminə təhdid hesab edildiyi üçün işdən çıxarılaraq təzyiqlərlə üzləşərkən onun ən yaxın silahdaşı kimi Mehriban xanım əsl Azərbaycan qadını və ailə dəyərlərinin mücəssəməsi olaraq onun həyat yoldaşı olmaqla bərabər, həm də əsas əqidə dostu və fikir tərəfdaşına çevrilmiş, bu ağır, keşməkeşli və şərəfli mübarizədə daim onunla bərabər yürümüşdür.

Bakıda sovet rəhbərliyi ilə nüfuz alveri edilərkən gənc alim, tarix elmləri namizədi İlham Əliyev Moskvada Ulu Öndərlə birlikdə 20 Yanvar hadisələrinə görə sovet rejiminə qarşı açıq etiraz edən ilk iki nəfərdən biri idi. Ulu Öndər Bakıya qayıtdıqdan sonra məhz onun sayəsində hakimiyyət iyerarxiyasında yer tutmuş bir sıra şəxslər nankorluq edən zaman, parlamentdə Ümummilli Liderə qarşı çirkab kampaniya nümayiş etdiriləndə, hətta ona danışmağa imkan verilməyəndə, təhlükələrlə üz-üzə qalanda, o cümlədən fəaliyyətinin ağır Naxçıvan dövründə onun əsas silahdaşı yenə də İlham Əliyev idi. Bütün bu illər ərzində Mehriban xanım Əliyeva cənab İlham Əliyevlə bərabər yürümüş, özü də çox böyük nüfuza malik bir ziyalı nəslin davamçısı olaraq əsl vətəndaş mövqeyindən və dönməz əqidəsindən heç vaxt geri çəkilməmişdi. 

Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin ən həlledici dönəmi isə 2003-cü ildən başlanır. Birinci xanım kimi proseslərdə birbaşa fəal rol almaqla yanaşı, Heydər Əliyev Fondunu təsis etməklə o, bütövlükdə müasir Azərbaycanın dövlətçilik və fikir tarixində yeni səhifə başlatmış oldu. Mehriban xanım Əliyevanın hər bir məsələyə yaradıcı münasibəti, insanları vahid məqsəd naminə səfərbər etmək bacarığı, humanizmi və səmimiyyəti, əslində, Heydər Əliyev Fondunun gələcək fəaliyyətinin uğurunu təmin etmiş oldu. Aydındır ki, hörmətli Mehriban xanım Heydər Əliyev Fondunu vahid azərbaycançılıq ideyası və milli maraqların kökündə dayanan əsas amil - Ulu Öndərin zəngin irsinin, milli dövlətçilik ideyalarının təşviqi, gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrinin təbliği, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaratmışdı.                  

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi isə onun möhtərəm Prezidentin rəhbərliyi altında xalqa xidmətdə ehtiva olunan fəaliyyətinin qızıl dövrünü başlatdı. Tam məsuliyyətimizlə deyə bilərik ki, Mehriban xanımın ölkənin ikinci şəxsinə çevrilməsi dövlətimiz üçün kadr islahatlarından tutmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki Zəfərimizin əldə olunmasına qədər taleyüklü bütün proseslərə köklü təsirini göstərdi. 

Təyinata qədər Mehriban xanım onsuz da ölkənin ictimai-siyasi həyatında birinci xanım institutunun Azərbaycan tarixində ən güclü nümayəndəsi, Azərbaycan Mədəniyyət Fondunun, Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı kimi əhəmiyyətli rol oynamaqla inklüziv cəmiyyətin qurulması, sosial ədalətin bərqərar olması istiqamətlərində dövlət başçısının ən yaxın məsləhətçisinə, cəmiyyətin isə ümid yerinə çevrilmişdi. Mehriban xanım 2017-ci ilin 21 fevralına qədər faktiki təsir alətinə və büdcəyə malik olmasa da, istənilən mərkəzi icra hakimiyyəti orqanından daha çox vətəndaş müraciəti alaraq, çoxsaylı aparata malik qurumlardan daha faydalı iş əmsalı olan nəticələr əldə etməklə ümumxalq sevgisinə nail ola bilmişdi. Bundan başqa, UNESCO və ICESCO kimi mötəbər təsisatlarla qurduğu sağlam təməllərə dayanan əlaqələr, habelə Gimnastika Federasiyasındakı əhəmiyyətli fəaliyyəti, eləcə də "Avroviziya", Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərin Azərbaycanda uğurla realizəsi, həmçinin ABŞ-dən Pakistana qədər geniş coğrafiyada önəmli layihələri gerçəkləşdirməklə beynəlxalq platformada da adı ehtiramla çəkilən ictimai-siyasi xadim hesab edilirdi. Təsadüfi deyil ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması xalq tərəfindən böyük sevinclə qarşılanmaqla bərabər, həm də beynəlxalq ictimaiyyət tərəfindən təbii qəbul edilərək yüksək qiymətləndirildi. 

Birinci vitse-prezident kimi sosial və humanitar istiqamətləri nəzarətə götürən Mehriban xanımın fəaliyyətinin nəticələri ilk gündən hiss edilməyə başladı. Aztəminatlı ailələrlə iş, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində yeni tədbirlər planı, məşğulluq və özünüməşğulluq proqramlarının mahiyyətinə yeni baxış gətirdi. Həmçinin iri biznes strukturları və dövlətin sosial məsuliyyət tədbirləri istiqamətində inisiativ və səylərin birləşməsi sosial məqsədli tikintilərin masştabına köklü təsir etdi ki, bu da əvvəllər qaçqın və məcburi köçkünlər, hazırda isə şəhid ailələri və qazilərin mənzil şəraitinin yaxşılaşdırılması statistikasında özünü göstərməkdədir. 
İstər birinci xanım, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti dövründə dövlət başçısından sonra Azərbaycanda sosial dövlət anlayışının mahiyyətini reallaşdıran əsas sima olmağı bacarmış Mehriban Əliyevanın eyni zamanda Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini təyin edilməsi ölkəmizin siyasi tarixində yeni mərhələ oldu. Bu qərarla Prezident İlham Əliyev nəyi necə və nə zaman etmək lazım olduğunu gözəl bildiyini bir daha göstərdi. 

Sirr deyil ki, həssas təbəqə, xüsusilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı insanlar üçün xanım Əliyeva həmişə pənah yeri, ümid işığı sayılıb. Müharibə dövründə və Zəfərimizdən sonra cənab İlham Əliyevin Ali Baş Komandan kimi cəbhədə, diplomatik müstəvidə və informasiya məkanında mübarizəyə rəhbərlik etdiyi bir zamanda onun ən yaxın silahdaşı, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri kimi müharibə iştirakçılarının müalicə və reabilitasiyası işi, həmçinin şəhid ailələrinin və qazilərin bütün sosial məişət yükü şəxsən Mehriban xanımın çiyinlərində olmuş, o, bu çətin və şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gələrək həssas təbəqənin tam məmnunluğunu qazanmışdır. Bu mənada Mehriban xanımın partiyada birinci müavin vəzifəsinə təyinatı YAP-ın sosial və humanitar fəaliyyət istiqamətlərində müsbət mənada dönüşə gətirib çıxarmaqla təşkilatı siyasi bir qurum olmaqla bərabər, həm də vətəndaşın ümid yerinə çevirməkdədir.

Əlbəttə, bütün bunlar xalqın dövlətə və cənab İlham Əliyevə olan inamının daha da möhkəmləndirilməsinə səbəb olmaqla bərabər, cəmiyyətdə daha güclü milli birlik, barış ruhu və dialoq mühitinin formalaşmasında rol oynamaqdadır. Təbii ki, COVID-19 və onun səbəb olduğu iqtisadi böhranın yaratdığı məhrumiyyətlərə baxmayaraq, istər Tovuz döyüşləri, istərsə də Vətən müharibəsində xalqımızın bir nəfər kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşməsində də yuxarıda sadaladığımız titanik fəaliyyətin rolu əvəzedilməzdir.  

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müəyyən olunmuş onillik milli prioritetlərin realizəsinə köklənib. Bu prosesdə də öndə Prezident İlham Əliyevdən sonra ikinci addımlayan Mehriban xanım Əliyevadır. Bütün mümkün risklərə baxmayaraq, Mehriban xanım hərbi geyimdə dövlət başçısı ilə bərabər Şuşa başda olmaqla, dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər edərək, Böyük qayıdışın mühüm mərhələsi olan yenidənqurma və bərpa prosesinə töhfəsini verməkdə, erməni vandalizminə məruz qalmış maddi-mədəni, dini abidələrin bərpasına şəxsən rəhbərlik etməkdədir. 

Mehriban xanımın fəaliyyətinin ən mühüm istiqamətlərindən biri cənab İlham Əliyevin direktivlərini rəhbər tutaraq milli-mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiq olan gənc nəslin formalaşdırılması üzərində xüsusi fokuslanmaqdır. Məlumdur ki, gənc nəslin tərbiyəsi, vətənə, dövlətə bağlı, milli ruhlu gəncliyin formalaşdırılması cənab İlham Əliyevin siyasi kursunun mühüm həlqəsidir. Vətən müharibəsində müşahidə olunan yekdillik, Azərbaycan oğullarının döyüş ruhu, Qarabağ və Şərqi Zəngəzur görməmiş gəncliyin bu torpaqlar uğrunda ölümə getməsi sübut etdi ki, möhtərəm Prezident bu prosesin uğurlu realizəsinə nail ola bilib və milli ruhlu Azərbaycan gəncliyinin yetişməsi təmin edilib. Bu prosesdə də dövlət başçısının ən yaxın silahdaşı məhz xalq arasında böyük nüfuza malik və milli dəyərlərin layiqli yaşadıcısı hesab edilən Mehriban xanım Əliyeva olub. 

Mehriban Əliyeva eyni zamanda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması prosesində də müstəsna rol oynamış, XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsi, Ermənistanın ölkəmizə vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərər onun rəhbərliyi altında Heydər Əliyev Fondunun daim diqqət mərkəzində saxladığı mövzular olaraq qalmaqdadır. Bu çərçivədə Azərbaycan barəsində doğru-düzgün məlumatların yayılması və dövlətimizin milli maraqlarının qorunması istiqamətində ən uğurlu layihələrdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasıdır. Xocalı həqiqətlərinin dünyada yayılmasına, cinayətkarların beynəlxalq ifşasına yönələn tədbirlərin vahid konsepsiyası əsasında sistemli şəkildə həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Xocalı soyqırımı ətrafında qurulmuş informasiya blokadası yarılmış, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, bir çox ölkənin parlamentləri Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğunu təsdiq etmiş və bir sıra ölkələrin parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.

Mehriban xanım Əliyeva İkinci Qarabağ müharibəsində qələbəmizə mühüm töhfələr vermiş, cənab İlham Əliyevdən sonra ölkənin ikinci ən inanılan və güvənilən şəxsi olaraq onun tərəfindən xalqın dövlət başçısı ətrafında yumruq kimi birləşməyə çağırılması, cəbhədə işğalçılara qarşı döyüşən, şəhid olan və yaralanan əsgər və zabit valideynlərinə hərtərəfli dəstək göstərilməsi tarixi zəfərimizi təmin edən amillərdəndır. Ötən dövrün yekunlarını təhlil edərkən əminliklə deyə bilərik ki, Müzəffər Ali Baş Komandanın cəbhədə və diplomatik müstəvidə müstəsna uğurlarının təməlində dayanan ən mühüm amillərdən biri arxa cəbhənin Mehriban xanıma etibar olunması idi. Məlumdur ki, 44 günlük savaş boyu şanlı ordumuzun hər bir hərbçisi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qələbədən qələbəyə irəliləyərkən ailəsi Mehriban xanıma əmanət idi. Mehriban xanım Əliyeva da bu ağır, lakin şərəfli missiyanı ləyaqətlə yerinə yetirdi və istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində arxa cəbhənin bütün sosial yükü, kədəri, qəmi, itkisi onun çiyinlərində oldu. Mehriban Əliyeva Vətən müharibəsində 3000-ə yaxın şəhid üçün ailəsini əmanət etdiyi ana, 13 minə yaxın müharibə əlili üçün yaralarını sarıyan bacı, atasını, qardaşını itirmiş minlərlə şəhid ailəsi üçün güman yeridir. Mehriban xanımın birbaşa göstərişi ilə rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərir, müharibə əlilləri yüksək texnologiyalı protezlərlə təmin olunur, zərurət yarandıqda yaralı hərbçilərimizin xaricdə müalicəsi təşkil edilir, onların sosial durumunun yaxşılaşmasına kömək göstərilir. 

Eyni zamanda bu gün Qarabağ və Şərqi Zəngəzurda uğurla davam edən böyük quruculuq və bərpa prosesində də Mehriban xanım cənab Prezidentin əsas silahdaşıdır. Birinci xanım ilk dəfə kapitulyasiya aktından cəmi 6 gün sonra, 16 noyabr 2020-ci ildə olmaqla, bu günə qədər möhtərəm Prezidentlə bərabər 40 dəfədən artıq Qarabağ və Şərqi Zəngəzura səfər edib. İşğaldan azad olunmuş ərazilərimizdə bütün tarixi-memarlıq nümunələri, dini-mədəni abidələr, o cümlədən məscidlər, ziyarətgahlar, habelə təhsil və səhiyyə müəssisələri birbaşa Mehriban xanımın şəxsi nəzarətində yenidən tikilir, yaxud bərpa olunur. Artıq ötən 4 il ərzində Fond bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb.  

Bu gün Mehriban xanımın adı, onun fəaliyyətinin xarakteri barədə düşünəndə göz önünə və ağıla ilk növbədə mərhəmət anlayışı gəlir. Mübaliğəsiz deyə bilərik ki, bu gün milyonlarla azərbaycanlı üçün Mehriban Əliyeva ümid yeri deməkdir. Mehriban xanıma ünvanlanan vətəndaş müraciətləri, cənab Prezidentə göndərilən məktubları çıxmaqla, bütün dövlət orqanlarına olan müraciətlərin cəmindən çoxdur. Onun mərhəməti və ədaləti çarəsiz durumda vətəndaşın güvən yeridir. Dara düşən, yardıma ehtiyacı olan insanların Heydər Əliyev Fonduna pənah aparması cəmiyyətin ilk növbədə fond rəhbərliyinə dərin inamından irəli gəlir.

Mehriban xanım Əliyevanın müəyyən etdiyi strategiya sayəsində Azərbaycan cəmiyyətinin tarixi dəyərlərə əsaslanan xeyriyyəçilik ənənələri məhz Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda Mehriban Əliyevanın rəhbərlik etdiyi bu fond ən böyük xeyriyyəçidir. 

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dönəmində yurdundan-yuvasından uzaq düşən 1 milyona yaxın məcburi köçkün də hər zaman Mehriban xanımın diqqət mərkəzində olub. Xüsusən Birinci vitse-prezident təyin olunduqdan sonra bu sahələrə birbaşa rəhbərlik etməklə həm dövlət hesabına, həm Heydər Əliyev Fondunun dəstəyi, habelə özəl sektorun təşviqi ilə Mehriban xanım minlərlə məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmaqla onların imdadlarına çatmışdı. 

Mehriban xanım Əliyevanın fəaliyyətinin ana xətlərindən biri də mədəni irsimizin qorunması, tanıdılması və multikultural dəyərlərimizin təbliğidir. Ötən müddətdə Fondun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi və bir sıra digər mədəniyyət obyektləri inşa olunub. Dünyanın bir sıra ölkələrində Azərbaycan mədəniyyət mərkəzləri yaradılıb, beynəlxalq festivallar təsis olunub. Şanlı Zəfərimizdən sonra məhz Mehriban xanımın rəhbərliyi altında Azərbaycan xalqı üçün çox prinsipial məsələlər olan Vaqif Poeziya Günləri və "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı bərpa olunmaqla tarixi ədalət bərqərar edilmiş, milli ruh sanki yenidən dirçəlmişdir.  

Qürurla deyə bilərik ki, bu gün ölkə daxilində və Pakistandan Fransaya qədər geniş arealda Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycan tarixinin qızıl səhifələri hesab olunur və fəaliyyətin çoxşaxəliliyi, sözün əsl mənasında, ölkəmiz adına uğur hekayəsi sayılmalıdır. 

Bu gün Mehriban xanım Əliyeva nəinki Azərbaycan, bütövlükdə Şərq-islam dünyasının ən nümunəvi və milli dəyərlərə sadiq ailəsinin təməl sütunudur. Azərbaycan və türk-islam coğrafiyası üçün qürur yerinə çevrilmiş 3 övladın anasıdır. Mehriban xanım bu bölgənin yeni reallığının yaradıcısı və tarixi Zəfərin memarının ən yaxın silahdaşıdır. 

Bu gün ömrünün ən təcrübəli, ən yetkin və ideal xidmət dövrünə qədəm qoyarkən o, Azərbaycan mədəniyyətinin, incəsənətinin hamisi, bölgədə multikultural dəyərlərin qorunmasında müstəsna rolu olan, habelə 3 qitədə dünya mədəniyyəti və incəsənəti adına böyük işlərin memarı kimi adını tarixə əbədi olaraq yazdırmağı bacarıb. 

Bu mənada Mehriban xanım Əliyeva doğum günündə çoxsaylı səmimi təbriklər və xoş diləklərlə bərabər, həm də Ulu Öndərin irsini dahi Liderin adına layiq formada, ləyaqətli yaşatdığına, Azərbaycanı tarixinin bütün dövrlərinin ən qüdrətli dövlətinə çevirən Müzəffər Ali Baş Komandanın sədaqətli silahdaşı kimi yüksək fəaliyyətinə və ən nəhayət, hər bir azərbaycanlının ümid, pənah yerinə çevrilməyi bacardığına görə ən səmimi minnətdarlığı haqq edir.

Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı