Heydər Əsədov
Milli Məclisin deputatı
Xocalı Soyqırımı Memorialının açılışı müasir tariximizin siyasi, hüquqi və mənəvi baxımdan ən mühüm hadisələrindən biri kimi dəyərləndirilir. Dövlətimizin başçısının mərasimdə səsləndirdiyi fikirlər ədalətin bərpasının, milli ləyaqətin qorunmasının və uzun illər davam edən mübarizənin məntiqi nəticəsinin ifadəsi idi. İki il əvvəl əsası qoyulan Memorial Kompleksin məhz işğaldan azad olunmuş Xocalıda ucaldılması doğma torpaqlara qətiyyətli qayıdışın parlaq təcəssümü kimi rəmzi məna daşıyır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər təkcə bir şəhərin faciəsi deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. Bir gecənin içində 600-dən çox mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, onlarla ahıl insan var idi. 150 nəfərin taleyi isə uzun illər naməlum qalıb və sonradan aşkarlanan faktlar göstərdi ki, onların da böyük əksəriyyəti amansızlıqla öldürülüb. Bu hadisə planlı şəkildə həyata keçirilmiş kütləvi qırğındır və məqsəd bölgədə etnik təmizləmə aparmaq, qorxu və terror vasitəsilə əhalini doğma torpaqlarından didərgin salmaq olub. Həmin qanlı cinayətin məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür. Xocalıda törədilən vəhşiliklər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, müasir dövrdə sivil dəyərlərə açıq şəkildə meydan oxumaqdır.
Erməni təbliğatı faktları təhrif etməyə, hətta qətliamın məsuliyyətini qarşı tərəfin üzərinə atmağa çalışıb. Belə bir şəraitdə sistemli və ardıcıl informasiya siyasəti həyati əhəmiyyət daşıyır. Məhz bu mərhələdə Heydər Əliyev Fondu tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynayıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu hərəkat çərçivəsində dünyanın müxtəlif ölkələrində konfranslar, simpoziumlar, sərgilər təşkil olunub, çoxsaylı nəşrlər hazırlanıb və geniş auditoriyalara təqdim edilib. Əgər bu səylər göstərilməsəydi, Xocalı barədə obyektiv məlumatların dünya ictimai rəyində bu qədər yer alması mümkün olmazdı.
Uzun illər beynəlxalq təşkilatların ikili standartları və biganəliyi fonunda haqqın bərpası üçün yalnız siyasi bəyanatlar kifayət etmirdi. İşğal dövründə müxtəlif təzyiqlər, təhdidlər və “reallıqla barışmaq” çağırışları səsləndirilirdi. Lakin milli iradə bu təzyiqlər qarşısında geri çəkilmədi. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfər ədalət yolunda dönüş nöqtəsi oldu. Döyüş meydanında qazanılan qələbə beynəlxalq hüququn real müstəvidə təmin olunması idi. Ardınca həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa edildi və separatizmə son qoyuldu. Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimində vurğuladığı kimi, 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi: “Nəhayət, axırıncı addım bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular”.
Xocalı Soyqırımı Memorialın məhz Xocalı şəhərində inşa olunması mühüm önəm kəsb edir. Layihə illər əvvəl hazır olsa da, paytaxtda deyil, faciənin baş verdiyi məkanda ucaldılması tarixi ədalətin bərpasının ən təsirli göstəricisidir. Sözügedən qərarın arxasında gələcəyə inam dayanır, həmin məqsədlər artıq reallığa çevrilib. Bu kompleks yalnız memarlıq nümunəsi deyil, silinməz milli yaddaşın təcəssümüdür. Bütün bunlar şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, gələcək nəsillərə ünvanlanan mesajdır. Tarix unudulmamalıdır, milli kimlik və dövlətçilik prinsipləri daim qorunmalıdır.
Xocalı faciəsi acı, lakin mühüm tarixi dərsdir. Sonrakı mərhələdə görülən sistemli tədbirlər, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, müasir hərbi texnologiyaların tətbiqi və peşəkar kadr hazırlığı göstərdi ki, güclü və intizamlı ordu dövlətin dayağıdır. Bununla yanaşı, düşünülmüş və balanslaşdırılmış siyasət, beynəlxalq hüquqa əsaslanan mövqe, diplomatik fəallıq və prinsipiallıq nəticə etibarilə tarixi ədalətin bərpasına zəmin yaradıb. Bu baxımdan, Xocalı faciəsi təkcə keçmişin ağrılı səhifəsi deyil, həm də gələcək üçün strateji nəticələr çıxarılan mühüm mərhələdir. Milli birlik, məqsədyönlü inkişaf xətti, siyasi iradə və xalq–ordu həmrəyliyi mövcud olduqda ən çətin sınaqlardan belə üzüağ çıxmaq mümkündür. Tarixin dərslərini düzgün qiymətləndirmək və onları praktik addımlara çevirmək isə dövlətin davamlı gücünün əsas şərtidir.
Xocalıda Memorial Kompleksin açılışı milli iradənin, siyasi qətiyyətin və tarixi ədalətə sadiqliyin təntənəsi kimi böyük mənəvi əhəmiyyət daşıyır. Bu hadisə xalqın uzun illər qoruyub saxladığı yaddaşın, inamın və əyilməz mövqeyinin rəmzi ifadəsidir. Azad edilmiş torpaqda ucaldılan bu kompleks keçmişin ağrısını gələcəyə daşıyan bir xatirə məkanı olmaqla yanaşı, dövlətçilik gücünün və milli həmrəyliyin təcəssümünə çevrilir. Xocalı soyqırımı yaddaşlarda daim yaşayacaq, faciənin dərsləri isə gələcək strategiyanın, təhlükəsizlik siyasətinin və dövlətçilik düşüncəsinin əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılacaqdır.