Milli Məclisin deputatı Məzahir Əfəndiyev görüş keçirdi

Məlumdur ki, hər bir sahədə olduğu kimi, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində də atılan ilk addımlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin 1993-cü ildən başlayaraq apardığı hüquqi islahatlar nəticəsində ölkəmizdə yeni institutlar yaradıldı, insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində də öz əksini tapdı.

Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir.

“Heydər Əliyev İli”ndə qadın siyasəti sahəsində görülən işləri regionda təbliğ etmək, habelə müzakirələr aparmaq məqsədilə 02 mart 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayon Gənclər Evində Qadın Resurs Mərkəzinin kollektivi və üzvləri ilə görüş keçirdi.

Görüş Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Məzahir Əfəndiyev görüşdə iştirak edən qadınları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, ünvanlanan təbrik məktubları iştirakçılara çatdırıldı.

Görüşün davamında Ümummilli Lider tərəfindən qadın siyasəti sahəsində görülən işlərə dair məruzə və çıxışlar dinlənildi.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və insan hüquqları institutlarının inkişafında tarixi fəaliyyətindən söz açıldı. Umummilli Liderin siyasi kursu, dövlətçilik prinsipləri, insan hüquq və azadlıqları, qadın siyasəti haqqında fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Sonra çıxış edən M.Əfəndiyev Azərbaycanda aparılan hüquq islahatlarının tarixindən bəhs edərək Ulu Öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızın qəbul olunması, eyni zamanda imzalanan Fərman və Sərəncamlar barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Daha sonra qadın siyasəti sahəsində görülən işlərdən söz açan deputat 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaranmasını, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirlərin təkmilləşdirilməsini vurğuladı: “Ulu Öndərin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkədə qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin etdi. 2006-cı ildə isə Prezident İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkədə ailə, qadın və uşaq siyasətinin daha səmərəli həyata keçirilməsinə öz töhfəsini verdi”.

Eyni zamanda müasir dövlət qadın siyasətinin aparılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi əhəmiyyət kəsb edən rolu iştirakçıların diqqətə çatdırıldı.

Sonda mövzu ətrafında ümumi müzakirələr aparıldı, deputat tərəfindən səsləndirilən suallar cavablandırıldı.

Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkli çəkdirildi. Tədbir iştirakçıları görüşün baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildiriblər.