Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonun Lökbatan qəsəbəsində bir qrup seçicilərlə onlayn görüş keçirib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonun Lökbatan qəsəbəsinin bir qrup sakinləri ilə onlayn görüş keçirib.

Görüşdə iştirak edən vətəndaşlardan Nuriyyə Həsənova, Tənzilə Səfərəliyeva, Gülnaz Babayeva, Ülkər Hüseynova, Aynur Abdullayeva, Nailə Qaraşova, Açıldıgül Bayramova, Aytən Alısoy, Ağca Süleymanova, Dilbər Qələndərli, Gülarə Davudova, Toğrul Həsənov, Rövşən Hətəmov və Orxan Əhmədov qəsəbənin 1-ci, 3-cü və 6-cı massivlərində küçələrin və məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, 6-cı və 7-ci massivlərdə bütün yaşayış evlərinin tam əhatə edilməsi üçün əlavə kanalizasiya xəttinin çəkilməsinin, ümumiyyətlə mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının, əhalinin su təchizatının tam və dayanaqlı təmin edilməsi üçün yeni və əlavə xətlərin çəkilməsinin, əvvəllər və yeni tikilmiş fərdi evlərin sənədləşdirilməsinin, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, Qobu yolunda səkilərin salınması və yolun işıqlandırılmasının, təbii qazın istifadəsi üçün ayrılan aylıq limitin artırılmasının, uşaqlar üçün müavinətin verilməsinin, 126 saylı avtobus xəttində olan sərnişin sıxlığının aradan qaldırılması üçün səhər və axşam vaxtları marşruta əlavə avtobusların buraxılmasının, qəsəbədaxili avtobus marşrutlarının yeni yaşayış məhəllələrini əhatə etməsinin, vətəndaşların sosial təminatının və digər məsələlərin vacibliyini qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi Milli Məclisin deputatı Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.