Milli Məclisinin deputatı Məzahir Əfəndiyev qəbul keçirdi

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun tələblərinə uyğun olaraq millət vəkilləri təmsil etdikləri seçki dairəsi ərazisinə mütəmadi səfərlər edərək mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının əlaqələndirməsi ilə rayon, eləcə də kəndlərdə seçicilərlə görüşlər keçirir, qanunvericilik çərçivəsində onları narahat edən məsələlərin həlli istiqamətində fəaliyyəti ortaya qoyurlar.

Bu məcrada, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisinin deputatı Məzahir Əfəndiyev 03 aprel 2024-cü il tarixində əraziyə növbəti səfərini edib.

Səfər çərçivəsində millət vəkili ilk öncə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Birinci Ərəbcəbirli kəndində sakinlərlə keçirilən səyyar vətəndaş qəbulunda iştirak edib.

Qeyd edək ki, keçirilən qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, aidiyyəti üzrə idarə, müəssisə, təşkilat rəhbərləri də iştirak ediblər.

Qəbula gələn vətəndaşlar kənd ərazisində yol infrastrukturunun bərpası və müxtəlif məişət problemlərinin həll olunmasını xahiş ediblər.

Kənd sakinləri qarşısında çıxış edən M.Əfəndiyev ilk öncə bütün seçicilərini qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi, daha sonra Ərəbcəbirli kəndində keçirdiyi son qəbullardan bu günə qədər Milli Məclisin üzvü olaraq fəaliyyətinə dair hesabat verdi.

Çıxışı zamanı deputat Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə suverenliyinin bərpasının əhəmiyyətini vurğulayaraq, bu gün həm doğma Qarabağımızda, həm də regionlarda, xüsusilə Göyçay rayonunda icra olunan sosial-iqtisadi inkişafa dair layihələrdən söz açdı, seçiciləri narahat edən ümumi problemlərin mərhələli şəkildə həll olunacağını diqqətə çatdırdı.

Daha sonra millət vəkili Göyçay Peşə Liseyində fərdi vətəndaş qəbulu keçirdi. Burada əsasən torpaq, ev və mənzil-kooperativ məsələləri ilə bağlı seçicilərin müraciətləri dinlənilib. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılacağı bildirilib.

Qeyd edək ki, qəbullarda ümumilikdə 40-a yaxın seçki dairəsi ərazisi üzrə vətəndaş iştirak edib.