Misir portalı Prezident İlham Əliyevin Suqovuşana səfərindən yazıb

Misirin “Əl Diplomasi” portalında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Novruz bayramını Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində qeyd etmələri barədə xəbər yayımlanıb.

AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı və birinci xanım bu qəsəbədə bayram tonqalını alovlandırıblar. Suqovuşandan xalqı bayram münasibətilə təbrik edən Prezident İlham Əliyev tarixi Zəfərdən sonra Novruz bayramını ikinci dəfədir ki, doğma Qarabağ torpağında qeyd etdiyini söyləyib. Dövlət başçısı əlavə edib ki, o, keçən il Novruz bayramını Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qarşılayıb və oradan Azərbaycan xalqına müraciət edib. “Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”, - deyə Prezident İlham Əliyev bildirib.

Oqtay Bayramov