“Mixail Delyaqin ya içkili olub, ya da…” 

Gundem.az-ın suallarını Milli Məclisin deputatı Azər Badamov cavablandırıb.

Müsahibəni təqdim edirik. 

- Azər müəllim, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin bu ölkənin ideoloji ruporu olan “Rossiya24” kanalında yayımlanan  “60 minut”  verilişində Bakının neft mədənlərinə zərbə endirməyi təklif edib. O, həmçinin Azərbaycan ordusunun Qarabağdakı son uğurlarına etirazını ifadə edib. Delyaqin Dumanın iqtisadi siyasət komitəsinin sədr müavinidir. Putinin fərmanı ilə Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü təyin edilib. Belə bir şəxsin Azərbaycanın ünvanına bu cür kəskin ifadələr işlətməsini necə qiymətləndirirsiniz? 

- Düşünürəm ki,  Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Azərbaycana qarşı hədyanlar səsləndirərkən ya içkili olub, ya da kənar təsirlərin nəticəsində belə bir fikir səsləndirib. Bu gün həm prezidentlər səviyyəsində əlaqələr, həm də iki qonşu dövlət olaraq Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir. Azərbaycanda olduğu kimi, Rusiyada da deputatlar müstəqil fikirə malikdirlər. Yəni hansısa məsələ ilə bağlı fikir bildirməkdə sərbəstdirlər və hansısa hüquqi məsuliyyət daşımırlar. Amma bu o demək deyil ki, iki ölkə münasibətlərinin korlanmasına xidmət edən fikirlər səsləndirsən. Hər bir siyasətçi, deputat çıxışlarında daha məsuliyyətli olmalıdır. Deputat səlahiyyətlərindən istifadə edib nə gəldi danışmaq Mixail Delyaqin və başqalarına başucalığı gətirmir. 

- Vladimir Jirinovski də dəfələrlə Azərbaycanın ünvanına təhdidlər yağdırıb. Bu cür siyasətçilərin təhdidləri Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərir?

- Deputatın fikirləri dövlətin siyasi kursu ilə üst-üstə düşməyə bilər. Yəni deputatlar təmsil olunduqları dövlətlərin mövqelərini ifadə etmirlər. Amma bəli, deputat içkili şəkildə, yaxud da qeyri-sağlaml durumda efirə çıxıb məsuliyyətsiz açıqlamalar verməli deyil. Bu cür adamlar düşünməlidirlər ki, onların belə sərt, məsuliyyətsiz açıqlamaları qarşı tərəfdə, yəni Azərbaycan cəmiyyətində ciddi narazılıqla qarşılana bilər və Rusiyanın buradakı nüfuzuna xələl gətirə bilər. Amma bir daha bəyan edirəm ki, bu gün Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Ayrı-ayrı deputatların, siyasətçilərin, jurnalistlərin fikirləri, çıxışları münasibətlərimizə kölgə salmamalıdır.  

- Necə hesab edirsiniz, Rusiya Dövlət Dumasında Jirinovski, Delyaqin kimi Azərbaycana qarşı qərəzli mövqedə olan deputatlar çoxdur?

- Rusiya parlamenti çox genişdir. Rəhbərlik səviyyəsində Azərbaycanda münasibətləri inkişaf etdirmək istəyən, səmimi dostluq yaratmaq istəyənlər kifayət qədərdir. Ümumi götürəndə Rusiya və Azərbaycan parlamentləri arasında əməkdaşlığı müsbət qiymətləndirmək olar. 

- Bir müddət öncə Rusiya Müdafiə Nazirliyi Qarabağda Azərbaycan hərbçilərinin guya öz mövqelərindən geri çəkildiyinə dair açıqlama yaydı. Azərbaycana qarşı bu münasibət haradan qaynaqlanır?

- Bununla bağlı Azərbaycanın həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi açıqlamalar yaydılar və qeyd olundu ki, Rusiya Müdafiə Nazirliyinin bu cür məlumatları iki ölkə arasındakı müttəfiqlik bəyannaməsinin ruhuna uyğun deyil. Düşünürəm ki, kənar müdaxilərləri nəzərə almasaq, dövlət səviyyəsində Azərbaycan-Rusiya münasibətlərində ciddi problem yoxdur. 

- Azərbaycan Xalq Cəbhəsi Partiyası aprelin 2-də Bakıda Ukraynaya dəstək aksiyası keçirmək istəyir. İndiki həssas dönəmdə Bakıda Ukraynaya dəstək mitinqinin keçirilməsinə necə baxırsız? 

- Düşünürəm ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin korlanmasına xidmət edə biləcək hər hansı addımın atılmasına ehtiyac yoxdur. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi imzalayıb. Eyni zamanda müharibədən əziyyət çəkən Ukraynaya humanitar yardım etmişik. Bir neçə gün öncə Ukrayna və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu. Prezidentlər  iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdilər. Həmçinin nəzərə almaq lazımdır ki, bizim Qarabağda hələ də həllini tam tapmamış bəzi məsələlər var. Bütün bunların həlli üçün bizim Rusiya ilə əməkdaşlığımız vacibdir. Odur ki, hesab edirəm ki, indiki həssas dönəmdə  Bakıda Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək aksiyanın keçirilməsinə ehtiyac yoxdur. Hər bir siyasi partiya öncə Azərbaycanın dövlət maraqlarını düşünməlidir.