2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun Şəki rayonu, Qoxmuq kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsində müstəsna rol oynayıb. O, parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın seçki platforması haqqında məlumat verib.
Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov daim müstəqil Azərbaycanın daha da güclənməsi, çiçəklənməsi, müasirləşməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini və tarixi uğurlara nail olduğunu söyləyib.
“Müasir tariximiz möhtəşəm uğurlarla zəngindir”, - deyən deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən seçicilər qarşıda duran bütün hədəflərin reallaşdırılması üçün Yeni Azərbaycan Partiyasına etimad göstərəcəklərini bildiriblər.