Müdafiə Nazirliyi: "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb.

Sabahinfo.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

Onun sözlərinə görə, səfər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə həyata keçirilir.

"Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək", - A.Eyvazov bildirib.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.