Azərbaycan dövlətçiliyinin inkişaf trayektoriyasının bu mərhələsində Prezident İlham Əliyevin liderlik modeli yalnız sülh dövrünün idarəçilik mexanizmi kimi deyil, eyni zamanda böhran, müharibə və təhlükəsizlik şəraitində effektiv qərarvermə modeli kimi özünü təsdiq edib. Bu baxımdan 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi müasir Azərbaycan dövlətçiliyinin tarixi dönüş nöqtəsi olmaqla yanaşı, sözügedən liderlik modelinin praktiki sınaq mərhələsi kimi də çıxış etdi. Vətən müharibəsi nəticəsində Azərbaycan dövləti beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq özünün ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə təmin etdi, son iki əsrə yaxın müddətdə müxtəlif formalarda mövcud olmuş işğal və suverenlik məhdudiyyətlərinə real və dönməz şəkildə son qoymaq istiqamətində həlledici dönüş yaratdı.
Tarixi kontekstdə yanaşıldıqda, 2020 və 2023-cü illərdə baş verən hadisələr Azərbaycan dövlətçiliyinin son iki əsrlik inkişaf trayektoriyasında struktur qırılma nöqtəsi təşkil edir. XIX əsrin əvvəllərindən etibarən bölgədə formalaşmış geosiyasi reallıqlar Azərbaycan xalqının dövlətçilik imkanlarını ciddi şəkildə məhdudlaşdırmış, müxtəlif mərhələlərdə suverenlik itkilərinə və ərazi parçalanmalarına səbəb olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində isə ilk dəfə olaraq Azərbaycan dövləti öz ərazi bütövlüyünü özü təmin etdi, hərbi, siyasi və hüquqi baxımdan kənar aktorlardan asılı olmadan strateji qərarlar qəbul etdi və suverenliyini ölkənin bütün ərazisində eyni hüquqi məzmunla reallaşdırdı.
Bu tarixi-siyasi reallıq fonunda 2024-cü il 7 fevral tarixində keçirilən Prezident seçkiləri müasir Azərbaycan siyasi tarixində sırf prosedur xarakterli siyasi hadisə kimi deyil, dövlət suverenliyinin tam və dönməz şəkildə bərpa olunmasının siyasi-hüquqi təsdiqi kimi qiymətləndirilməlidir. Seçkilərin ölkənin bütün ərazilərində, o cümlədən uzun illər separatizm ideologiyasının mərkəzi olmuş Xankəndidə keçirilməsi göstərdi ki, Azərbaycan artıq post-münaqişə mərhələsini geridə qoyaraq post-separatizm və post-işğal dövlət quruculuğu mərhələsinə daxil oldu. Prezident İlham Əliyevin seçkidə məhz Xankəndidə səs verməsi isə separatizm ideologiyasının ideoloji və psixoloji müstəvidə də tam məğlubiyyətini simvolizə edən yüksək siyasi məsuliyyət aktı kimi çıxış etdi.
Əslində, cənab İlham Əliyevin adı Azərbaycan seçicisi üçün həmin vaxt yad deyildi. Ulu Öndər əksər tədbirlərə, səfərlərə məhz cənab İlham Əliyevlə birgə gedirdi. "Xalqın gözü tərəzidir" atalar məsəli burada yerinə düşür. Xalq yaxşı görürdü ki, cənab İlham Əliyev lider kimi yetişməkdədir. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla realizəsində əsas pay bu proseslərin memarı kimi məhz, ARDNŞ-nin vitse-prezidenti cənab İlham Əliyevin idi. Azərbaycan cəmiyyəti bunları görür və anlayırdı. Eyni zamanda cənab İlham Əliyevin qanunverici orqanın, Milli Məclisin deputatı, xüsusən AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri, o cümlədən AŞPA-nın vitse-prezidenti kimi uğurlu fəaliyyəti artıq onun peşəkar siyasətçi, uğurlu dövlət xadimi və milli maraqların dönməz müdafiəçisi olduğu haqda heç kimdə şübhə doğurmurdu.
Beləliklə, Azərbaycan 2003-cü ildə tamamilə yeni bir eraya qədəm qoyaraq özünün ən qüdrətli dönəminə doğru inamla irəliləməyə başladı. Ulu Öndərin müəyyənləşdirdiyi yol xəritəsi isə kifayət qədər aydın idi.
Prezident İlham Əliyev iqtidarının əsas diqqətçəkən xüsusiyyətlərindən biri də dayanıqlı inkişafın dövlət siyasətinin mütləq prioritetinə çevrilməsi oldu. Daxili sabitlik, xalq-iqtidar birliyi dövlət başçısına çoxşaxəli islahatları reallaşdırmağa, çoxvektorlu dövlət siyasəti həyata keçirməyə imkan verdi. Nəticədə son 22 ildə bütövlükdə dövlətçilik tariximizdə olmadığı qədər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi artdı, qlobal miqyaslı nəqliyyat-kommunikasiya sistemləri quruldu, təhsil, səhiyyə, idman infrastrukturu faktiki olaraq tam yeniləndi.
Prezident İlham Əliyevin siyasi lider kimi əsas xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, şəxaləndirilmiş fəaliyyəti peşəkarcasına idarə edir və nəticədə inkişaf bütün sahələri əhatələyə bilir. Bu isə konstitusion səviyyədə bəyan olunmuş niyyətlər və dövlətin ali məqsədlərinə doğru inamlı həmlələrin uğurlu hasilinə səbəb olur.
Əlbəttə, lider amilinə baxış milli mental düşüncə və təfəkkür tərzinə görə dəyişir. Bu mənada Qərbin uğurlu siyasi xadimlərinin Şərqdə, Şərqin tarix yazan liderlərinin isə Qərbdə lazımi formada qiymətləndirilməməsinə çoxsaylı tarixi nümunələrdə və hətta müasir dövrdə, qloballaşma şəraitində belə rast gəlirik. Lakin cənab İlham Əliyev Heydər Əliyevdən sonra həm də qlobal miqyasda daha sərt şərtlərdə, ictimai nəzarətin radikallaşdığı, neonasizmin, neokolonizmin gücləndiyi və Şərq-islam dünyasına yenidən yuxarıdan baxmaq cəhdlərinin artdığı bir dövrdə bütün qütblərdə qəbul olunan yeganə Azərbaycanlı siyasi xadimdir.
Tarixdə ilk dəfə məhz cənab İlham Əliyev coğrafi mövqeyimizi Azərbaycan üçün kapitala çevirib. Bu mürəkkəb konfiqurasiyanın formalaşması isə Azərbaycana regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələrdə aparıcı rola sahib olmasını, bütün proseslərdə milli maraqlarımızla hesablaşılmasını təmin edib. Cəmi 30 il əvvələ qədər xəritədə belə yeri bilinməyən Azərbaycan məhz cənab İlham Əliyevin sayəsində artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü və müddəti dövründə sədrlik edən, habelə dünyanın ikinci böyük təşkilatı Qoşulmama Hərəkatına rəhbərlik etməkdə olan qlobal lider subyektlərdəndir. Üstəlik, cənab İlham Əliyev bəşəri dəyərləri və beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla, Azərbaycanın beynəlxalq siyasətə təsir rıçaqlarını genişləndirməkdədir. Bu prosesdə Prezidentin şaxələndirilmiş enerji siyasəti ayrıca qızıl səhifə kimi qeyd olunmalıdır.
Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasətdəki müdrik və uğurlu addımları ilə Azərbaycanın regional və beynəlxalq arenada mövqeyini gücləndirmişdir. Onun dahi siyasətini anlamaq üçün rəhbərliyindəki Azərbaycanın keçdiyi yolda atdığı mühüm addımlar və strateji qərarlar incələnməlidir.
Dövlət başçı İlham Əliyevi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Allahdan ona can cağlığı, fəaliyyətində uğurlar arzu edirik.
Hacı Zaur
SAhibkar