Münxen Konfransı ölkəmizin beynəlxalq miqyasda güclənən mövqeyini nümayiş etdirdi

Azərbaycan mühüm beynəlxalq platformaların fəal iştirakçısıdır. Münxen Təhlükəsizlik Konfransı da məhz belə platformalardan biridir. Münxen Təhlükəsizlik Konfransı hərtərəfli təhlükəsizlik konsepsiyasını ehtiva edir. Yəni, ənənəvi milli və hərbi təhlükəsizlik anlayışları ilə məhdudlaşmayaraq, digər əhəmiyyət kəsb edən iqtisadi, ətraf mühit, humanitar sahələrə də yer ayırır. Münxen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə AZƏRTAC-a açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi bu görüşdə 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak ediblər. Bu da özlüyündə bir daha platformanın önəmindən xəbər verir.

Pərvin Kərimzadənin sözlərinə görə, builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. Münxen Təhlükəsizlik Konfransından söhbət düşərkən, 2020-ci ilin fevral ayında Konfrans çərçivəsində keçmiş Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş debatı xatırlamamaq mümkün deyil. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi. Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu. Həmin tarixi debatdan bir neçə ay sonra Azərbaycan Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını işğalçılardan azad etdi.

Budəfəki Münxen Təhlükəsizlik Konfransında da Cənubi Qafqaz regionunda təhlükəsizlik mövzusuna həsr olunmuş plenar iclasın keçirildiyini deyən YAP İdarə Heyətinin üzvü həmin iclasda regionun üç dövlətinin rəhbərlərinin iştirakını mühüm hadisə kimi dəyərləndirib. Onun fikrincə, bu platforma gələcəkdə Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması baxımından önəmli rol oynaya bilər. Əgər Ermənistan konstruktiv mövqe nümayiş etdirərək üçtərəfli platforma çərçivəsində əməkdaşlıq etsə, o zaman prosesdə müsbət nəticələrin əldə edilməsi mümkündür. Panel iclasında Prezident İlham Əliyev regionda vəziyyət, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması prosesi ilə əlaqədar fikirlərini ifadə etdi. Eləcə də, Laçın yolunda ekofəalların keçirdiyi dinc etiraz aksiyası, Qarabağ ərazisində yataqlarımızın qanunsuz istismarına son qoyulması ilə bağlı prinsipial mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarı olduğu vurğulanıb. Bu məqsədlə, Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib. Beş bənddən ibarət olan təkliflər beynəlxalq hüququn normalarına əsaslanır. Təbii Ermənistanın gələcəyi regionda sülh şəraitində yaşamasından asılıdır. Qonşu ölkələrə ərazi iddialarını davam etdirməsi Ermənistana yaxşı gələcək vəd etmir. Qarabağ ərazisində yaşayan ermənilərə gəlincə, onlar Azərbaycan vətəndaşlarıdır. Dövlətimiz Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı tam təminat verdiyini bəyan edib. Amma Prezident İlham Əliyevin dediyi kimi, bu istiqamətdə müzakirələr erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə aparıla bilər. Qarabağda “rəhbər mövqe” tutmaq üçün Rusiyadan göndərilmiş Ruben Vardanyanla belə müzakirələrin aparılması qəbulolunmazdır. Digər tərəfdən, blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən vətəndaş cəmiyyəti fəallarımızın Laçın yolunda dinc etiraz aksiyasına başlamasından indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Komitə tərəfindən Ermənistana aparılıb. Bütün bunlar blokadanın olmadığını təsdiqləyir. Digər önəmli bir məqam isə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasıdır. Azərbaycan Prezidenti ABŞ-ın Dövlət katibi və Ermənistanın baş naziri ilə keçirdiyi üçtərəfli görüşdən sonra jurnalistlərə müsahibəsində bu barədə fikirlərini bildirib. Əlbəttə ki, Laçın istiqamətində Ermənistanla dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması Qarabağ istiqamətində ermənilərin qanunsuz hərəkətlərinin qarşısını alacaq.

Pərvin Kərimzadə Münxen Təhlükəsizlik Konfransında enerji təhlükəsizliyinə həsr olunmuş dəyirmi masanın keçirildiyini də xatırladaraq həmin tədbirdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun xüsusi vurğulandığını diqqətə çatdırıb. Deputat hesab edir ki, bu mötəbər platforma çərçivəsində Prezident İlham Əliyevin müxtəlif tədbirlərdə iştirakı və keçirdiyi ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda güclənən mövqeyinin və yüksək nüfuzunun göstəricisidir.