Deputat Siyavuş Novruzov ötən günlərdə parlamentin plenar iclasında bildirib ki, Azərbaycanın iri şəhərlərində vahid, mərkəzləşdirilmiş böyük şəhər bələdiyyəsi modelinin tətbiq imkanları diqqətlə nəzərdən keçirilməlidir.
Sabahinfo.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev qeyd etdi ki, iri şəhər bələdiyyələrinin yaradılması qaçılmazdır:
Millət vəkilinin sözlərinə görə, bu, dövrün, zamanın tələbidir:
"Çünki dünya praktikasında bu mövcuddur və bu gün inkişaf etmiş ölkələrin timsalında iri şəhər bələdiyyələrinin yaranma prosesinə nəzər salsaq, bunu aydın görərik. O ölkələrdə də əvvəl kiçik bələdiyyələr yaradılıb, lakin sonradan bunlar müəyyən qaydada formalaşıb, öz maliyyə bazalarını artırıb, yaxşı təşkilatlanıblar və daha sonra iri şəhər bələdiyyələri yaradılıb. Azərbaycanda da bu proses gedir. Biz bələdiyyə institutunda keçirilən islahatlara baxsaq, bunun aydın ifadəsini görərik. Əvvəllər Azərbaycanda ilk bələdiyyə seçkilərində 4776 bələdiyyə yaradılmışdı, lakin sonradan bir neçə dəfə islahatlar getdi və bu gün artıq bələdiyyələrin sayı bir neçə dəfə azaldılıb və bu da təbii prosesdir. Sözsüz ki, bu da iri şəhər bələdiyyələrinin yaradılmasını zərurətə çevirir".
Müsahibimiz vurğuladı ki, əvvəllər hər bir yaşayış məntəqəsində bələdiyyələr yaradılmışdı.
"Bu da Konstitusiyanın tələblərindən irəli gəlirdi və seçki hüququnun təmin olunmasının bir ifadəsi idi ki, vətəndaşlar, seçicilər öz fikirlərinə görə istədikləri yaşayış məntəqələrində bələdiyyələr yarada bilsinlər. Lakin sonrakı proses göstərdi ki, kiçik bələdiyyələr özlərini doğrulda bilmir, onların lazımi maddi-texniki bazası yoxdur və seçicilərin razılığı ilə yenidən seçkilərə gedildi, bələdiyyələrin sayı azaldıldı.
İri şəhər bələdiyyələrinin yaradılması zaman prosesidir. Çünki mütləq bunun üçün bələdiyyələr daha ciddi şəkildə formalaşmalı, öz təşkilatçılıq qabiliyyətlərini artırmalı, özlərinin maddi-texniki bazasını möhkəmləndirməli və bu prosesdə iştirak etməlidirlər. Çünki əgər bələdiyyənin lazımi vəsaiti, kadr potensialı, maddi-texniki bazası yoxdursa, o, gələcəkdə etimadı doğrulda bilməz, hansısa bir işi, vəzifəni lazımi qaydada yerinə yetirə bilməz. Ancaq bu günün nəticələri göstərir ki, bir çox bələdiyyələr artıq özlərinin maliyyə bazasını qurmağı bacarır, əlavə maliyyə vəsaiti əldə etməyə nail olur və sözsüz ki, gələcəkdə bu nəticələr iri şəhər bələdiyyələrinin yaradılmasına zəmanət verə bilər. Hörmətli Siyavuş Novruzovun fikirləri də məhz buna əsaslanır və elə bilirəm ki, bir neçə ildən sonra biz bu məsələnin həllinə nail ola biləcəyik", - deyə komitə sədri yekunlaşdırdı.