Hazırda dünya gündəminin əsas mövzularından biri Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında müzakirə edilən məsələlərdir. Çünki Münxen Təhlükəsizlik Konfransı dünyada mövcud problemlərin, o cümlədən təhlükəsizlik məsələlərinin müzakirə edildiyi mühüm beynəlxalq platformadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
O, Münxendə keçirilən sayca 62-ci Təhlükəsizlik Konfransının geniş proqrama malik olduğunu qeyd edib: “Dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu, 60 dövlət və hökumət başçısının qatıldığı Konfrans dünyada geosiyasi və geoiqtisadi gərginliyin yaşandığı bir dövrə təsadüf edib. Bir neçə gün əvvəl yayımlanan “Münxen Təhlükəsizlik Hesabatı – 2026”da dünyanın, eləcə də beynəlxalq təşkilatların təhlükəli bir dövrə qədəm qoyduğu qeyd olunur. Eləcə də yayılan şərhlərdə, hesabatlarda son dövrlərdə xüsusilə transatlantik münasibətlərdə artan gərginliyə diqqət çəkilir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ötənilki konfransın açılış mərasimində səsləndirdiyi bəyanatların Alyans daxilində narahatlıq yaratdığı xüsusi qeyd olunur. Ona görə də bu il Münxendə Tramp administrasiyasının Avropaya yanaşmasında sərtləşmə fonunda bu mövzu konfrans çərçivəsində də müzakirə edilən əsas məsələlərdən biri oldu. Ümumiyyətlə, isə bu il konfransda müzakirə olunan mövzulara Avropanın təhlükəsizliyi və müdafiəsi, transatlantik münasibətlərin gələcəyi, çoxtərəfliliyin yenidən gücləndirilməsi, qlobal nizam barədə rəqabət aparan baxışlar, regional münaqişələr və texnoloji inkişafların təhlükəsizlik sahəsinə təsirləri və digər məsələlər daxil idi”.

Samir Vəliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması, aktual mövzulara həsr olunmuş tədbirlərdə iştirakı, ikitərəfli görüşləri Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir. Xüsusilə Cənubi Qafqazda sülh və təhlükəsizlik beynəlxalq birliyin xüsusi diqqət mərkəzindədir.
“Dövlətimizin başçısı Münxendə həm yerli televiziya kanallarına müsahibəsində, həm “France 24” telekanalına müsahibəsində, həm də “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda keçirilən panel müzakirələrdə çıxışı zamanı regionumuzda sülhlə bağlı fikirlərini ifadə edib. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarıldıqdan sonra sülh sazişi imzalanacaq. Sazişin bu il imzalanması ehtimalı da Ermənistanın bu addımından asılı olacaq. Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev dövlət maraqlarına söykənərək sərrast nitqi, “dəmir məntiq”i, tutarlı arqumentləri ilə məsələlərə münasibət bildirdi, Azərbaycanın sülhsevər mövqeyini ortaya qoydu. Təbii ki, Azərbaycan uzun illərdir Cənubi Qafqazda sülh və sabitlik, əməkdaşlıq naminə çalışır və bütün səyləri buna əsaslanır”, - deyə o vurğulayıb.
Deputat əlavə edib ki, panel iclasda Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizin reallaşmasında ölkəmizin müstəsna rolu xüsusi vurğulanıb. Dövlətimizin başçısının dediyi kimi, Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin fiziki infrastruktursuz onun mənası çox deyil. Eyni zamanda, iclasda TRIPP layihəsi də diqqət mərkəzində olub. Prezident İlham Əliyev vurğulayıb ki, yeni bağlantıların yaradılmasında mühüm rol oynayacaq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) tamamilə yeni vəziyyət yaradacaq. Çünki Çindən başlayan daşımalar Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, eksklav Naxçıvan, Türkiyə və sonra Avropanı əhatə edəcək. Bu, bütün ölkələr üçün faydalı olacaq. Marşrut boyunca bütün ölkələr həm siyasi, həm iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaq və həmin addım Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli və əbədi sülhə töhfə verəcək.
Prezident İlham Əliyev, həmçinin Münxendə bir sıra ölkələrin liderləri, Avropa İttifaqının rəsmiləri, eləcə də müxtəlif nüfuzlu şirkətlərin başçıları ilə səmərəli görüşlər keçirib. Bütövlükdə, bu mühüm platforma çərçivəsində Azərbaycanın dövlət maraqları Prezident tərəfindən qətiyyətlə qorundu. Münxen Təhlükəsizlik Konfransı yeni reallıqlar fonunda Azərbaycan həqiqətlərinin dünyaya çatdırlmasında mühüm platforma oldu.