Münxen Təhlükəsizlik Konfransı yeni imkanlar vəd edir

“Almaniyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ənənəvi Münxen Təhlükəsizlik Konfransının 59-cu görüşündə Prezident İlham Əliyevin də iştirak etməsi bir sıra məqamlarla yadda qaldı”. Bunu YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı Mətanət Səfərli deyib. Onun sözlərinə görə, budəfəki konfransa 800 nəfərdən çox nümayəndənın qatılması və müzakirə olunan mövzular öz aktuallığı ilə seçilirdi. "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti xüsusi olaraq vurğulandı: “Ümumiyyətlə Prezident İlham Əliyevin Almaniyaya səfəri və bu səfər çərçivəsində keçirilən görüşlər ölkəmiz, regionumuz və dünya üçün olduqca əhəmiyyətlidir”.

M.Səfərli onu da bildirib ki, konfrans zamanı Dövlət başçısının keçirdiyi görüşlər yeni imkanların meydana gəlməsinə əsas verir: “Dövlətimizin başçısı Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Almaniya rəsmiləri ilə yanaşı, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda, biznes subyektlərinin rəhbərləri ilə silsilə görüşlər keçirdi. Səfər çərçivəsində siyasi əlaqələrlə yanaşı enerji təhlükəsizliyi, ticarət və iqtisadiyyatın digər sahələri üzrə müzakirələr aparıldı. Prezident Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi. Münxendə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü zamanı Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfə verdiklərini vurğuladı. Birmənalı olaraq deməliyik ki, Münxen şəhərində keçirilən görüşlər ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, işğaldan azad olunmuş ərazilərimizin bərpası və Avropanın dəstəyi baxımından çox böyük əhəmiyyət daşıyırdı”.

M.Səfərli vurğulayıb ki, konfransda erməni tərəfinin irəli sürdüyü əsassız iddialar öz təsdiqini tapmadı: “Ermənistanın baş naziri əsaslı faktlar gətirmədən Laçın yolunun bağlandığını iddia etdi. Təəssüf ki, xarici qüvvələr bu feyk informasiyadan təzyiq vasitəsi kimi istifadə edirlər. Burada məqsəd Azərbaycanı öz dəst-xəttindən döndərməkdir. Təbii ki, onlar istəklərinə nail ola bilməyəcəklər”.

M.Səfərli deyib ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsi baxımından vacib və uğurlu bir tədbir oldu: “Azərbaycan Prezidenti Qafqazda sülhün və sabitliyin bərqərar olması, həmçinin, dövlətimizin milli maraqlarının təmin olunması istiqamətində bütün imkanlardan ən yüksək səviyyədə istifadə edir”.