Müstəqilliyin qarantı

Dünya şöhrətli dahi şəxsiyyət və görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın çağırışı ilə rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu öndərimiz özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.

1993-cü ilin yayında vətəndaş müharibəsi həddinə qədər yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altına aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağır sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğu zərurəti yaratmışdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü bu ağır  vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ulu öndər Heydər Əliyevdir.
1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, böyük müsibətlərdən xilas etdi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. 
Mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.
Beləliklə, Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu və inkişafın sarsılmaz təməllərini qoydu. Bu gün regiondakı qüdrətli, qalib Azərbaycan Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətinin nümunəsidir. Azərbaycanın tərəqqi yolunda iri addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsi də Ulu Öndərin xalqımıza olan xidmətlərinin davamı idi. Məhz Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, ölkəmizin dünyanın siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapması Ulu Öndərin dərin məzmunlu dövlət strategiyasının tərkib hissəsidir.
Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır ki, bunun nəticəsində biz artıq bütün əlamətdar günləri qalib xalq, qalib ölkə kimi qeyd edirik.

Xaliq Hüseynov 
YAP Nəsimi rayon təşkilatının İƏPT sədri