Müstəqilliyin və qürurun rəmzi

Prezident İlham Əliyev: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir”

 Azərbaycan xalqının azadlıq, milli dövlətçilik və müstəqillik idealını özündə əks etdirən ən müqəddəs simvollardan biri Dövlət Bayrağımızdır. Hər bir azərbaycanlı üçün bu üçrəngli bayraq yalnız bir dövlət atributu deyil, həm də millətin qürur, şərəf və birliyinin rəmzidir. Hər il 9 noyabr tarixində ölkəmizdə Dövlət Bayrağı Günü böyük təntənə ilə qeyd olunur. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik salnaməsində xüsusi yer tutur.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və İslam dünyasında ilk parlamentli respublika kimi — 1918-ci ildə yaradılmışdı. Cümhuriyyətin ilk dövrlərində, yəni 1918-ci ilin iyunundan noyabrınadək dövlətin rəsmi bayrağı yaşıl rəngli, ortasında aypara və səkkizguşəli ulduz təsviri olan bayraq idi. Lakin istiqlal ideyalarının genişlənməsi və milli özünüdərkin güclənməsi nəticəsində yeni, milli məzmunlu bayraq hazırlanması qərara alındı. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında üçrəngli, aypara və səkkizguşəli ulduz təsvirli yeni Dövlət Bayrağı qəbul edildi. Həmin gün bu bayraq ilk dəfə rəsmi şəkildə Bakıda dalğalandı. Bununla da Azərbaycan xalqı öz milli ideallarını, türk kimliyini, müasir düşüncəsini və İslam mədəniyyətinə bağlılığını bayrağında əks etdirdi.

Üçrəngli Dövlət Bayrağımızda hər bir rəng dərin mənaya malikdir və xalqımızın tarixi-mədəni kimliyini ifadə edir. Mavi rəng — türklüyü, xalqımızın etnik kökünü və mənəvi birliyini simvolizə edir. Qırmızı rəng — müasirliyi, inkişafı, demokratiya və tərəqqi ideyalarını ifadə edir. Yaşıl rəng — İslam sivilizasiyasına mənsubiyyətimizi, milli-mənəvi dəyərlərimizə sədaqəti göstərir. Bayrağın ortasındakı ağ aypara və səkkizguşəli ulduz isə Azərbaycan xalqının müstəqillik və milli birliyə olan inamını təcəssüm etdirir. Ulduzun səkkiz guşəsi “Azərbaycan” sözündəki səkkiz hərfi, eləcə də türkdilli xalqların birliyini simvolizə edir.

 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət atributu kimi qadağan olundu. Sovet hakimiyyəti illərində bu bayraq müstəqillik arzularının, azadlıq mübarizəsinin rəmzinə çevrildi. Lakin xalqımızın yaddaşından heç vaxt silinmədi. Bu müqəddəs rəmz yalnız 70 ildən sonra, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə yenidən dövlət rəmzi kimi qəbul edildi. Daha sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən üçrəngli bayraq müstəqil Azərbaycanın rəsmi Dövlət Bayrağı elan olundu.

Üçrəngli Dövlət Bayrağımız da məhz bu məfkurənin vizual ifadəsidir. Bayrağımızın rənglərində həm tarixi köklərimiz, həm müasir dövlətçiliyimiz, həm də mənəvi dəyərlərimiz öz əksini tapır. Bu mənada bayraq “azərbaycançılıq” ideyasının simvolik təsdiqidir — o, hər bir azərbaycanlının kimliyini müəyyənləşdirən, onu Vətənə və dövlətə bağlayan mənəvi körpüdür. “Azərbaycançılıq” məfkurəsi ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan xalqının birliyini təmin edən, etnik, dini və siyasi fərqləri aşan bir ideya kimi formalaşdırılmışdır. Bu ideya Azərbaycan torpağında yaşayan bütün vətəndaşların vahid milli kimlik ətrafında birləşməsini, ölkənin müstəqilliyinə, suverenliyinə və rifahına xidmət etməsini nəzərdə tutur. Ümummilli Lider Heydər Əliyev bu haqda demişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu gün təkcə bir bayram deyil, həm də dövlətçilik tariximizin, milli qürurumuzun təntənəsidir. Hər il bu gün ölkənin bütün bölgələrində, məktəblərdə, idarələrdə, hərbi hissələrdə və küçələrdə üçrəngli bayrağımız dalğalanır, xalqımız bu simvol ətrafında birləşir.

 Azərbaycanın üçrəngli bayrağı bu gün dünyanın bir çox ölkələrində dalğalanır – beynəlxalq təşkilatlarda, idman arenalarında, diplomatik nümayəndəliklərdə və ən əsası, Qarabağ torpaqlarında. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsindən sonra üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarda ucaldıldı. Bu, xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq salnaməsinin rəmzi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Hər il bu gün ölkənin hər yerində üçrəngli bayrağımız dalğalanır, məktəblərdə, universitetlərdə, hərbi hissələrdə, dövlət müəssisələrində bayraq gününə həsr olunmuş tədbirlər keçirilir. İnsanlar bayraq ətrafında birləşərək, onun mənasını, tarixini və müqəddəsliyini daha dərindən dərk edirlər. Üçrəngli bayrağımız Azərbaycanın tarixi, mədəniyyəti və gələcəyi ilə sıx bağlıdır. O, hər bir azərbaycanlının qəlbində vətən sevgisini, azadlıq ruhunu oyadır. 9 Noyabr – Dövlət Bayrağı Günü isə bu müqəddəs dəyərlərin bir daha xatırlanması, milli kimliyimizin və dövlət müstəqilliyimizin təntənəsidir.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi