Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ildə qazandığı parlaq Zəfər bizə yeni-yeni qələbələr ərmağan edib. 20 noyabr – Ağdam şəhəri günüdür

23 iyul 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunan Ağdam rayonu 20 noyabr 2020-ci il tarixində müzəffər Ali Baş Komandan İlham Əliyevin qrammatik və rasional siyasəti nəticəsində işğaldan azad olunub. Bu gün artıq Şanlı Zəfər təqvimlərimizdə al qırmızı rəngə boyadığı daha bir qürurlu tarixi, qədim Qarabağın xanzadə yurdu Ağdamın azadlıq gününü fəxrlə qeyd edirik və fəxrlə qeyd edirik ki, Ağdam azaddır və bundan sonra Ağdamın işğalı deyil, azad olunduğu gün qeyd olunacaq.

2020-ci il noyabrın 20-də cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti, həyata keçirdiyi mükəmməl hərbi taktika sayəsində Ağdam bir güllə atılmadan, bir itki verilmədən azad edildi, 27 illik həsrətin, intizarın sonunda bu tarixi türk diyarında yenidən Azərbaycan bayrağı dalğalandırıldı. 

Qalib lider İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə 2020-ci il noyabrın 23-də, azadlığından cəmi üç gün sonra Ağdama yollanması,  rayonun mənəvi rəmzi Ağdam Cümə məscidini ziyarət edərək məscidin önündən ağdamlılara, Azərbaycan xalqına Ağdam şəhərinin, bütün kəndlərin bərpa ediləcəyinə dair əzm və qətiyyətlə söz verməsi ürəyimizi dağa döndərdi, ağdam şəhərimizin ruhunun tezliklə özünə qaytarılacağının xoşbəxtliyini yaşadıq. Döyüşkən oğullarımız düşmənə qan uddururdu. Budur, artıq qurucu lider İlham Əliyev Qarabağın barlı-bərəkətli yurdu Ağdamı müasir inkişaf və quruculuq məkanına çevirib. 

Ürəyimizdə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərlik etdiyi yenilməz Azərbaycan Ordusuna böyük minnətdarlıq, ana torpağımız uğrunda şəhid olan vətən övladlarının ruhuna dərin ehtiram hissi əbədi var olacaq.

Biz ağdamlılar doğma yurdumuzdan olan çəkiliş kadrlarından bir zamanlar öz əllərimizlə tikib-qurduğumuz ev-eşiklərimizin vəhşi düşmən tərəfindən dağıdılmasını, əzizlərimizin məzarlıqlarının belə yerlə yeksan olmasını böyük sarsıntı, ürəkağrısı ilə seyr etmiş, doğulub boya-başa çatdığımız, amma doyunca yaşaya bilmədiyimiz torpağımızın viran halına uşaq kimi ağlamışdıq. 

Cənab Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “20 noyabr – Ağdam şəhəri günü” elan edilib.

Ağdamda ilk Milli Şəhərsalma Forumun təşkil olunmasının rəmzi mənası vardır. Bundan sonra qalib dövlət kimi Arzərbaycanın məqsədi ondan ibarətdir ki, işğaldan azad olunmuş regionlar qısa zamanda insanların yaşaması üçün ən müasir meyarlara cavab verən formada bərpa olunsun. Milli Şəhərsalma Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Dünya şəhərsalma təcrübəsinin mənimsənilməsi və tədbiq edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi uğurlu nəticələr verməkdədir.

Ağdam sevinclə doğma övladlarına qucaq açmağa hazırlaşır. Vətən torpaqlarımızın qətiyyətlə azad olunması, sonra isə dirçəldilməsi üçün görülən bütün müstəsna işlər isə vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən qayıdış strategiyasının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük müvəffəqiyyət və əzmlə həyata keçirilməsinin möhtəşəm nəticəsidir.

Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

Hicran Hüseynova
Milli Məclisin deputatı