NATO Türkiyənin ilk qadın admiralını təbrik edib

NATO Türkiyənin ilk qadın admiralı Gökçen Fırat üçün təbrik mesajı ünvanlayıb.

Sabahinfo.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, NATO media mərkəzi İngiltərədəki NATO Müttəfiq Dəniz Komandanlığında (MARCOM) əməliyyatlar üzrə komandan müavini olan Gökçen Fıratın admirallığa yüksəldilməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada, Türkiyə Silahlı Qüvvələrində admiral rütbəsinə yüksələn ilk qadın kontr-admiral Fıratın, NATO-dakı missiyasının təfərrüatları paylaşılıb.

"Gökçen Fıratın mövqeyi NATO-nun dəniz əməliyyatları və təlimlərində müvəffəqiyyət qazanması üçün vacibdir",- deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, kontr-admiral Fırat, "MARCOM" missiyasından əvvəl Norveçdəki NATO Müştərək Müharibə Mərkəzində də xidmət edib.

Eyni zamanda, açıqlamada Gökçen Fıratın yeni vəzifəsilə bağlı qiymətləndirmələrinə də yer verilib.

"Türkiyə Dəniz Qüvvələri Komandanlığında bir gəminin ilk qadın komandiri təyin olunmağım məni həvəsləndirdi və hədəflərimə çatmaq üçün daha da irəlilədim. Millətimizə və ordumuza şərəflə və sədaqətlə ən yüksək səviyyədə xidmət edəcək qadın admiral və generalların sayının artacağına inanıram",- deyə o deyib.

Xatırladaq ki, Gökçen Fırat Türkiyə Ali Hərbi Şurasının 3 avqust 2023-cü il tarixində keçirilən iclasında Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyə Dəniz Qüvvələri Komandanlığında admiral rütbəsinə yüksəldilib.