Naxçıvan Gənclər Fondu 10 yaşında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmış, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, Fondun fəaliyyəti təmin olunmuşdur.
Ali Məclis Sədrinin 2018-ci il 27 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” Publik Hüquqi Şəxsin yaradılması isə diyarımızda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsini daha da genişləndirib.

Gənclər Fondu ötən dövr ərzində fəaliyyətini muxtar respublikada tələbə-gənclərlə iş, onların asudə vaxtının səmərəli təşkil edilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclərə yönəlik layihələrin reallaşdırılması, gənclər arasında müsabiqələrin, intellektual oyunların təşkil olunması, fəal gənclərlə görüşlərin keçirilməsi, onların mükafatlandırılması və digər istiqamətlərdə qurmuşdur.

Gənclər Fondunun sədri Cəbi Hüseyn oğlu Quliyev 29 avqust 1990-cı il tarixində Şahbuz rayonunun indiki Ağbulaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirib, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olub. 2012-ci ildə bakalavr təhsilini yekunlaşdırıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2013-2015-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistr təhsili alıb. Hal-hazırda Naxçıvan Dövlət Universitetinin dissertantıdır.

Magistr təhsili aldığı dövrdə Naxçıvan Özəl Universitetinin “Humanitar elmlər” kafedrasında baş laborant vəzifəsində, 2015-ci ildən Naxçıvan Dövlət Universiteti “Beynəlxalq münasibətlər” kafedrasında saat hesabı müəllim, 2017-ci ildən 2018-ci ilə qədər eyni kafedrada 0.5 ştat müəllim vəzifəsində çalışıb. Hazırda saat hesabı müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir.

2014-cü ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri, 2014-cü ildən 2018-ci ilə qədər isə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatında aparıcı təlimatçı və baş təlimatçı vəzifələrini icra edib.

2018-ci il sentyabrın 6-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.

2020-ci il fevralın 9-da baş tutan Parlament seçkilərində 7 saylı Ordubad-Culfa dairəsindən VI çağırış Milli Məclisin deputatı seçilib.

2020-ci il martın 10-dan Milli Məclisin Gənclər və İdman, habelə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvüdür.

Üzv olduğu Beynəlxalq təşkilatlar:

Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyası

Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:

Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv
Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu – üzv