Naxçıvan Gənclər Fondundan nümunəvi addım

Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yerləşən "Sahil" kafedə şəhid və qazi övladlarının və sağlamlıq imkanları məhdud istedadlı gənclərin iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək dövlət qayğısının ifadəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə bu sahədə Dövlət Proqramları təsdiq olunub və ötən dövr ərzində uğurla icra edilib. Sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilib, onların tibbi reabilitasiyası istiqamətində yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılıb. Nazir əlavə edib ki, son dövrlərdə keçirilən sosial əhəmiyyətli tədbirlərdə, şəhid və qazi övladlarının iştirakına da xüsusi önəm verilib, bu məqsədlə onlar üçün bir sıra tədbirlər və istirahət düşərgələri təşkil olunub. N.Babayev sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev isə iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Vətən müharibəsində şəhid və qazilərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şəhidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Elə bu gün təşkil olunan tədbir də bu amala xidmət edir.
Tədbirin davamında istedadlı sağlamlıq imkanları məhdud gənc Nail Hacıyev və sosial könüllü Fatma Bağırova muxtar respublikada gənclərə yaradılan şəraitdən söz açıb, göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin bədii hissəsi isə sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “İnam” və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan ibarət “Ümid” musiqi qruplarının ifaları ilə başlayıb. Daha sonra, Nazirliyin  Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən məşğələlərdə istedadları ilə fərqlənən uşaqlar müxtəlif musiqi və şeir ifaları səsləndiriblər. Bayram personajları “Kosa” və “Keçəl”in xüsusi rəng qatdığı tədbirin davamında, sosial könüllülər və sağlamlıq imkanları məhdud gənclər tərəfindən birgə hazırlanmış milli rəqs nümunələri və səhnəciklər iştirakçılarda xoş ovqat yaradıb.
Qeyd edək ki, 80 nəfərə yaxın şəhid, qazi övladlarının, sağlamlıq imkanları məhdud gənclərin, bu kateqoriyadan olan uşaqların və sosial könüllülərin iştirak etdiyi tədbirin sonunda uşaqlara bayram hədiyyələri də təqdim olunub, xatirə şəkli çəkdirilib.