Naxçıvan - İnkişafın tərənnümü

Bu gün ölkəmiz və onun Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, çiçəklənir. Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi, dövlətimizin başçısının diqqət və qayğısı, çəkilən gərgin əmək və misilsiz əzmkarlıq nəticəsində inkişaf və tərəqqi dövrünü yaşayan Naxçıvan bu yüksəlişə blokada şəraitində nail olub. Bu, Ulu Öndərimizin siyasi xəttinin Naxçıvan təntənəsidir.
Otuz ilədək bir dövrdə blokada şəraitində yaşayan Naxçıvanda yüksək iqtisadi fəallığa nail olunması, davamlı quruculuq işlərinin aparılması, sosial problemlərin səmərəli həlli və ən əsası, əhalinin güzəranının yaxşılaşdırılması daim diqqət mərkəzində olub, bu istiqamətlərdə çox böyük nailiyyətlər əldə edilib. Bu isə heç də asan olmayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərindən həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində əvvəlcə inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik təmin edilib. Ulu Öndərimizin əsasını qoyduğu inkişaf strategiyasının davam etdirilməsi nəticəsində bütün fəaliyyət sahələrində yeniləşməyə yol açan səmərəli iqtisadi siyasət kursu götürülüb. Şəhər və rayonlarda canlanma yaranıb. İş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb. Minlərlə yeni iş yerləri açılıb. Şübhəsiz ki, həyata keçirilən tədbirlər insan amilinə yönəldilib. O da öz nəticəsini göstərib. Muxtar respublika əhalisinin yaşayışında və həyat tərzində əsaslı dəyişikliklər baş verib.

İqtisadiyyatın hərtərəfli inkişafı

Yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. Belə ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.
Sənayenin daha sürətlə və innovativ inkişafını təmin etmək üçün biznes sektoruna müəyyən güzəştli kreditlərin və yardımların edilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili bu sahənin inkişafını daha da sürətləndirir, sənaye müəssisələrində rəqabətədavamlı məhsul istehsalına təkan verir. Sənayeləşmə siyasətinə uyğun olaraq, daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən yüzlərlə müasir sənaye müəssisələri, yeni istehsal sahələri, o cümlədən sənaye məhəlləsi yaradılır.
Ölkə Prezidentinin müvafiq fərmanına əsasən 2019-cu ildə muxtar respublikada sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, özəl sektorun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Şərur Sənaye Məhəlləsi yaradılıb. Xidmət infrastrukturunun inkişaf etməsi, eləcə də sosial-iqtisadi inkişafın mühüm göstəricilərinə görə muxtar respublikanın ərazicə ən böyük rayonlarından olan Şərurda sənaye məhəlləsinin formalaşması üçün geniş imkanlar və gələcək perspektivlər mövcuddur.
3 istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, süd emalı, meyvə-tərəvəzin konservləşdirilməsi və tomat istehsalı, ofis ləvazimatları, kağız-torba, corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulubdur. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılmasında da xüsusi əhəmiyyət daşıyacaqdır.
Son illər ərzində rayon və kəndlərdə kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin edib. Bu istiqamətdə Sahibkarlığın İnkişafı Fondunun xətti və sahibkarların şəxsi təşəbbüsü ilə rayonlarda daha çox mikro və kiçikhəcmli layihələrin reallaşdırılmasına başlanılıb.
Yerli xammaldan istifadə imkanlarının artırılması, istehsalın ərazi və xammal prinsipləri üzrə səmərəli yerləşdirilməsi sahəsində dövlət maliyyə dəstəyi ilə muxtar respublikanın kəndlərində süd məhsullarının emalı əsasında xama, pendir, lavaş, kompot, balın emalı, meyvəqurutma, fərdi quşçuluq, bağçılıq, üzümçülük, tərəvəz və limon istixana kompleksləri, soyuducu anbar və bu kimi çoxsaylı kiçikhəcmli istehsal sahələri yaradılıb. Belə ki, cari ildə verilən kreditlərin 32,5 faizi kiçikhəcmli layihələrin payına düşüb.
Dахili bаzаrın qоrunmаsı, əhаlinin tələbаtının dаhа kеyfiyyətli məhsullаrlа ödənilməsi məqsədilə yеrli təbii rеsurslаr və sаtış bаzаrının mövcud оlmаsı nəzərə аlınmаqlа iqtisаdi cəhətdən səmərəli hеsаb еdilən istеhsаl sаhələrinin yаrаdılmаsı istiqаmətində Rusiyа, Çin, Hindistan, İtaliya, Türkiyə şirkətləri ilə əlаqələr yаrаdılıb və 17 lаyihə аlınаrаq tехniki iqtisаdi göstəriciləri аrаşdırılıb və sаhibkаrlаrlа təqdimаtı keçirilibdir.
Sahibkarlara təqdimatı keçirilən layihələr içərisində orqanik gübrə, mini şərab, mismar, plastik taralar, velosiped, sabun, yun iplik, tibbi pambıq, ipliklərin təbii boyaqlarla boyanması, gülab, yumurta tarası, qurudulmuş və dondurulmuş meyvə-tərəvəz, yabanı meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi, arıçılıq məhsullarının emalı sahələrinin, damazlıq təsərrüfatlarının yaradılması, ət kəsim və heyvandarlıq məhsulları tədarükü məntəqələrinin, avtoservis, turizm və əyləncə sahələrinin yaradılması, o cümlədən idman sahəsində pullu xidmət növlərinin yaradılması daha məqsədəmüvafiq hesab edilib.
Son illər muxtar respublikamızda həyata keçirilən abadlıq-quruculuq işləri kənd və qəsəbələrimizi də əhatə edib, minlərlə sosial infrastruktur obyektləri istifadəyə verilib. Bunun müqabilində sahibkarlar da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, öz fəaliyyətləri ilə dövlət siyasətinə dəstək verməlidirlər. Çünki qurulan hər bir müəssisə dövlətimizin iqtisadi gücünü artırmaqla yanaşı, yeni iş yerlərinin açılması və əhalimizin sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Bu baxımdan kiçik və orta həcmli layihələrin icrası böyük önəm daşıyır.
Hazırkı dövrdə muxtar respublikamızda sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Məhz bu səbəbdən sənayeləşmə siyasəti xeyli vaxtdır ki, muxtar respublikanın iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olunub və sözügedən istiqamətdə mühüm tədbirlərin icrası daha da sürətləndirilib.

Məşğulluq sahəsində atılan addımlar öz müsbət nəticəsini verir

Aktiv məşğulluq tədbirləri içərisində yeni iş yerlərinin yaradılması məqsədilə sahib karlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi xüsusi önəm kəsb edir. Bu tədbirlər bir tərəfdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və genişləndirilməsi üçün stimullaşdırıcı xarakter daşıyır, digər tərəfdən müxtəlif təyinatlı müəssisələrdə yeni iş yerlərinin açılması ilə nəticələnir.
Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə birinci rübdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 18 mikrosahibkarlıq subyektinə 388 min 200 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Ümumilikdə, bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 14 istehsal sahəsinin yaradılması başa çatdırılmış, yeni yaradılan istehsal sahələrində 73 iş yeri açılmışdır. Eyni zamanda 29 sahənin yaradılması və 602 yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilmişdir.
Yerli resurslara əsaslanan istehsal və xidmət sahələrinin yaradılması istiqamətində Naxçıvan şəhəri üzrə 2 hüquqi və 3 fiziki şəxsə, ümumilikdə, 246 min, Şərur rayonu üzrə 3 fiziki şəxsə 40 min, Babək rayonu üzrə 3 fiziki şəxsə 40 min, Ordubad rayonu üzrə 2 fiziki şəxsə 18 min, Şahbuz rayonu üzrə 3 fiziki şəxsə 25 min, Kəngərli rayonu üzrə 2 fiziki şəxsə 19 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Görülən işlər yerli istehsal məhsullarından səmərəli istifadə olunması üçün əvəzolunmaz rola malikdir.
Sahibkarlığın inkişafını şərtləndirən tədbirlər içərisində dövlət maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, “Naxçıvan Biznes Mərkəzi” MMC-də sənətkаrlаr, o cümlədən sosial qayğıya ehtiyacı olan şəxslər və qadınlar tərəfindən hazırlanmış əl işləri və sənət əsərlərinin mütəmadi olaraq sərgi və sаtışı da təşkil olunur. 2021-ci ilin üçüncü rübü ərzində sosial qayğıya ehtiyacı olan şəxslər və qadınlar tərəfindən hazırlanmış 8 ədəd əl işi satış məqsədi ilə qəbul edilmiş, 7 ədəd əl işinin satışı təmin edilmişdir.

Elnarə Həziyeva
SABAHİNFO.AZ saytının redaktor müavini