Naxçıvanda "Fövqəladə Hallara Hazırlıq Düşərgəsi" başa çatıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Fövqəladə Hallara Hazırlıq Düşərgəsi"nin başa çatması ilə əlaqədar bağlanış mərasimi və iştirakçıların sertifikasiyası təşkil olunub.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev layihənin əhəmiyyətindən danışıb, bu cür layihələrin davamlılığının önəminə toxunub.

Tədbirdə düşərgə iştirakçısı Həbibə Rzalı da öz xoş təəssüratlarını bölüşüb, yaradılan şəraitə görə minnətdarlıq edib.

Sonra Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, polkovnik Şahin Mirzəyev və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev tərəfindən düşərgədə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub. Həmçinin 3 gün ərzində keçirilən yarış və fəaliyyətlərdə aktivlik göstərərək ən çox xal toplayan "Alov" komandasının üzvləri diplomlarla təltif olunublar.

Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev gənclərin inkişafı naminə göstərdiyi dəstəyə və birgə səmərəli əməkdaşlığa görə Fövqəladə Hallar Nazirliyinə təşəkkür plaketi və düşərgə ərzində baş tutan fəaliyyətləri əks etdirən rəsm əsərini hədiyyə edib.