Novruz Aslanov Cenevrədə görüşlərini davam etdirir

Cenevrə şəhərində təşkil olunan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının XXIII Baş Assambleyası davam edir.

Plenar iclaslar zamanı eyni zamanda Beynəlxalq Federasiyanın Gənclər Hesabatı təqdim olundu. Azərbaycan QAC-nin gənc nümayəndəsi Nigar Rüstəmzadə çıxış edərək öncə Milli Cəmiyyətlərin gənclərinə belə böyük və əhəmiyyətli bir arenada çıxış etmək imkanı verdiklərinə görə Beynəlxalq Federasiyaya öz təşəkkürünü bildirdi. O, qeyd etdi ki, Azərbaycan Milli Cəmiyyətində gənclər həmişə diqqət mərkəzində olmuş və rəhbərlik tərəfindən daim dəstək və inamla qarşılanmışlar. O həmçinin, Fövqəladə Mobil Könüllü Dəstələrin fəaliyyəti baradə məlumat verdi bu bu modelin uğurunu vurğuladı.
Görüşlərin gedişatı zamanı Milli Cəmiyyətin Prezidenti Novruz Aslanov ikitərəfli görüşlərə davam etdi. Görüşlər zamanı Milli Cəmiyyətlər arasında mövcud olan qarsılıqlı əməkdaşlıq və tərəfdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi müzakirə edilmişdir.
XXIII Baş Assembleya bugün yekunlaşacaqdır və Nümayəndələr Şurasının iclası sabahdan işə başlayacaq. Bu barədə əlavə məlumatlar veriləcəkdir.