Novruzəli Aslanov: “Azərbaycan qadınları bütün mühüm dövlət qurumlarında uğurla təmsil olunurlar”

“Müasir Azərbaycan cəmiyyətində qadınların aparıcı rolu, bir çox məsul ictimai və dövlət vəzifələrində kişilərlə eyni səviyyədə uğurla fəaliyyət göstərmələri, elm, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyətlərə imza atmaları birmənalı olaraq ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətinin bariz nəticələri kimi qiymətləndirilməidir. Qeyd etmək lazımdır ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderimiz qadın məsələsinə daim yüksək həssaslıqla yanaşaraq, Azərbaycan qadınlarının ictimai, siyasi və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini hər zaman xüsusi qeyd etmişdir. Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində də, müstəqillik dövründə də Ulu Öndər qadın hüquqlarının qorunması və təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılmasını vacib məsələ kimi hər zaman önə çəkmişdir.”

Bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan qadınlarının təkcə ölkəmizdə deyil, dünya miqyasında əldə etdikləri uğur və nailiyyətlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna fəaliyyəti xüsusi qeyd olunmalıdır: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özünün çoxşaxəli və effektiv fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsininin dünyada təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara, xalqın və dövlətin milli maraqlarına söykənir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.”

Daha sonra N.Aslanov bu gün Azərbaycanda qadın siyasətinin Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə özünün növbəti, daha yüksək səviyyəsində uğurla həyata keçirildiyini diqqət mərkəzinə çəkib: “Birmənalı olaraq deyə bilərik ki, dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı dünyanın lider ölkələri sırasına çıxarıb. Ölkəmizdə qadın problemləri daim dövlətin diqqət mərkəzindədir və gender proqramı ardıcıl surətdə uğurla həyata keçirilir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə gender siyasətinin daha da gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl olaraq məqsədyönlü tədbirlər görülür. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Təsadüfi deyil ki, cənab Prezident ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda qadınların rolunu daim yüksək qiymətləndirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.