Novruzəli Aslanov: “Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xalq Cümhuriyyətinin varislərindən sayılır”

“Bu il Azərbaycan xalqı Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 107-ci ildönümünü böyük qürur hissi ilə qeyd edir. 1918-ci il may ayının 28-də yaradılmış və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi və parlamentli respublika olaraq, demokratik ənənələrin formalaşmasına həlledici təsir göstərmişdir. Cümhuriyyət dövründə ölkənin ilk parlamenti və hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, AXC-nin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cümhuriyyət hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. 2 iyul 1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır.” Bir məqamı da qeyd edim ki, bu gün ölkəmizə böyük uğurla fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də məhz Cümhuriyyət dövründə, 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Buna görə də Milli Cəmiyyət Azərbaycan Cümhuriyyətinin varislərindən sayılır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev tərəfindən təşkilatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi də, Cəmiyyətin üzvlərinin müxtəlif vaxtlarda dövlət mükafatları ilə təltif olunmaları da dövlət başçımızın Cümhuriyyət irsinə yüksək dəyər verdiyinin daha bir göstəricisidir.”

Bu sözləri 28 may – Respublika Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili daha sonra qeyd edib ki, 1993-cü ildə Azərbaycan Respublikasını AXC-nin acı taleyini yaşamaqdan yalnız Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə gəlişi xilas etdi: “1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Həmin tarixi hadisədən cəmi iki il sonra Azərbaycan Respublikası da öz sələfinin aqibətini yaşamağın bircə addımlığında idi. Öz dövlət müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın suveren mövcudluğuna təhdid yaradan amillər artıq 1993-cü ildə ölkəni parçalanmaq və məhzv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Hər zamankı kimi xalqın çağırışına cavab verən Ümummilli Lider 1993-cü ilin iyun ayında Bakıya gəldi və öz xilaskarlıq missiyasını yerinə yetirdi. Həmin dövrdə Ulu Öndərimizin qarşısında müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Lakin Ümummilli Liderimizin sahib olduğu zəngin siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan sonsuz məhəbbəti dahi rəhbərin xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Ulu Öndər Heydər Əliyev ölkədə yenidən hakimiyyətə qayıdaraq Xalq Cümhuriyyəti qurucularının müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi bünövrəsini qoydu, ölkəni parçalanmadan və müstəqilliyimizi itirilmə təhlükəsindən qorudu.”

Öz fikirlərini davam etdirən deputat bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi, iqtisadi və sosial islahatların uğurla həyata keçirildiyini vurğulayıb: “Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq milli mənafelərimizin təmin olunmasına dəqiq istiqmətləndirilib. Müstəqil Azərbaycan dövləti regionumuzda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır. Bu möhtəşəm layihələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsidir. Bu gün gücü, qüdrəti getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.