Novruzəli Aslanov: “Dövlətimizin başçısı ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir”

“Ulu Öndər Heydər Əliyev qadın məsələsinə daim yüksək həssaslıqla yanaşmış, Azərbaycan qadınlarının ictimai, siyasi və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini hər zaman xüsusi qeyd etmişdir. Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində də, müstəqillik dövründə də Ümummilli Liderimiz qadın hüquqlarının qorunması və təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılmasını vacib məsələ kimi hər zaman önə çəkmişdir. Təsadüfi deyil ki, ölkəmizdə həyata keçirilən qadın siyasətinin müəyyən edilməsi və bu siyasətin dövlət səviyyəsinə qaldırılması da Ulu Öndərin adı ilə bağlıdır. Məhz bu siyasət sayəsində ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayrılmış, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradılmış, lider qadınlar yetişmişdir. Xüsusilə dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması işinə dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə Azərbaycan qadını öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur.”

Bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanda həyata keçirilən qadın siyasətindən, Azərbaycan qadınlarının təkcə ölkəmizdə deyil, dünya miqyasında əldə etdikləri uğur və nailiyyətlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna fəaliyyəti xüsusi qeyd olunmalıdır: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özünün çoxşaxəli və effektiv fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsininin dünyada təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara, xalqın və dövlətin milli maraqlarına söykənir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Mehriban xanımın xeyriyyəçilik fəaliyyəti bu gün bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu isə artıq uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Xüsusi olaraq, fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələdən dərhal sonra ölkəmizdə birbaşa Mehriban xanım Əliyevanın çağırışı ilə başlanmış “Sənunləyik, Türkiyə!” yardım kampaniyasının böyük əhəmiyyətini də vurğulamaq istərdim. Bu kampaniya bir daha Azərbaycan xalqının həmrəyliyinin və qardaş Türk xalqı ilə sarslmaz birliyinin ən bariz təcəssümü oldu. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çox sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.”

Daha sonra N.Aslanov bu gün Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq bunları deyib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti özünün növbəti, daha yüksək səviyyəsində uğurla həyata keçirilməkdədir. Birmənalı olaraq deyə bilərik ki, dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı dünyanın lider ölkələri sırasına çıxarıb. Ölkəmizdə qadın problemləri daim dövlətin diqqət mərkəzindədir və gender proqramı ardıcıl surətdə uğurla həyata keçirilir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə gender siyasətinin daha da gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl olaraq məqsədyönlü tədbirlər görülür. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır. Azərbaycan qadınları fəxri adlar alır, orden və medallarla təltif edilirlər. Cənab Prezident ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyimizdir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.”