Novruzəli Aslanov: “Ermənistanın Qubadlıda apardığı qanunsuz məskunlaşma hərbi cinayətdir”

“Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. 1988-ci ildən başlayaraq Qubadlı rayonu həm Ermənistandan, həm də keçmiş Dağlıq Qarabağdan mütəmadi olaraq təcavüzkar hücumlara məruz qoyulmuş, dinc əhaliyə qarşı tеrror aktlarının törədilməsi sistеmli hal almışdır. Beş il davam edən hücumların nəticəsində Qubadlı 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. İşğal dövründə Ermənistan hökuməti tərəfindən Qubadlıda bir çox digər cinayətlərlə yanaşı qanunsuz məskunlaşma da həyata keçirilmişdir. Ölkəmizin ərazisinə qanunsuz yolla keçirilən, həm də əksəriyyəti Yaxın Şərq ölkələrindən gətirilən ermənilər üçün Qubadlının Xanlıq kəndində qəsəbə də salınmışdı. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Qeyd olunmalıdır ki, birbaşa Azərbaycan Prezidentinin səyləri və çoxsaylı təşəbbüsləri sayəsində artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat qeyd edib ki, Qubadlının azad edilməsi II Qarabağ savaşının gedişində strateji əhəmiyyət kəsb edən qələbələrdən biri idi: “Düz üç il bundan əvvəl, 2020-ci il oktyabr ayının 25-də Azərbaycan Ordusu Qubadlı rayonunun azad edilməsi əməliyyatına başladı. Bu əməliyyat bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Qubadlı şəhəri əməliyyatın birinci günü düşməndən təmizləndi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu qələbənin əhəmiyyətini xüsusi qeyd edərək demişdir: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Ümumilikdə isə, noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olunub. Qubadlı azad olunandan sonra Şanlı Ordumuzun Laçın istiqamətində yolu açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də işğaldan azad edildi. Bununla da Laçın dəhlizi nəzarətə götürüldü və müharibənin taleyi həll olundu. Artıq bütün dünya, həm də düşmən gördü ki, Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə dura bilməz. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.”

Həmçinin N.Aslanov bu gün Qubadlının yenidən qurulması istiqamətində görülən işlərin getdikcə daha böyük vüsət aldığını vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev işğaldan azad olunmuş Qubadlıya ilk səfərini 23 dekabr 2020-ci il tarixində etmişdir. Bu səfər zamanı dövlətimizin başçısı Qubadlı şəhərində Azərbaycan bayrağının ucaltmışdır. Bu gün isə Qubadlı artıq özünün yeni inkişaf dövrünü yaşayır. Rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Baş plan ən müasir normalara uyğun, Qubadlının təbiəti və tarixi keçmişi nəzərə alınmaqla hazırlanır. Ölkə Prezidenti cənab İlham Əliyevin bu rayona etdiyi səfərlər Qubadlıda aparılan yenidənqurma işlərinin dövlətin diqqət mərkəzində saxlandığını təsdiq edir. Həmçinin bu ilin may ayında cənab Prezident Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoymuşdur. Bütün bu işlər Qubadlı sakinlərinin, keçmiş köçkün vətəndaşlarımızın tezliklə öz dədə-baba yurdlarına qayıdaraq, burada rahat və yüksək rifah içərisində yaşamaları üçün atılan mühüm addımlardır” – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.