Novruzəli Aslanov: “Televiziya məkanında neqativ halların artması cəmiyyəti narahat edir”

 

Son dövrlər ölkədə siyasi sahədə aparılan islahatlar və təmizləmə prosesi geniş müzakirələrə səbəb olub. Bir çox tanınmışlar təklif edirlər ki, bu islahatlar televiziya məkanında da tətbiq olunsun. Aparıcıların və efirə dəvət olunan qonaqların qeyri-etik davranışı, sosial şəbəkədə söyüş və nalayiq ifadələr işlətməsi cəmiyyətdə ciddi narazılıq yaradıb. Televiziya ictimai rəyin formalaşmasında böyük rol oynadığından, burada baş verəcək dəyişikliklər medianın peşəkarlıq səviyyəsinə təsir göstərə bilər.

Ölkənin siyasi mühitindəki təmizləmə prosesinin televiziya məkanında da baş verməsi mümkündürmü?


Globalinfo.az-a danışan Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Novruzəli Aslanovun fikrincə, televiziya sahəsində dəyişiklik məsələsində bir neçə mühüm aspekt mövcuddur:

“Ölkədə özəl telekanallar fəaliyyət göstərir. Bu kanallar dövlət büdcəsindən maliyyələşmir və fəaliyyətlərini əsasən şəxsi gəlirləri hesabına davam etdirirlər. Əsas gəlir mənbələri isə reklamdır. Yəni reklam istehsalatı güclü olmalıdır ki, telekanallar həm öz xərclərini qarşılaya, həm də fəaliyyətlərini davam etdirə bilsinlər.

İkinci məsələ verilişlərin reytinqi ilə bağlıdır. Yüksək reytinqli verilişlər şirkətlərin diqqətini çəkir, onlar həmin verilişlərə reklam yerləşdirməyə çalışırlar. Bu isə həm kanalın gəlirlərini artırır, həm də reklamverənlərin marağını təmin edir. Eyni zamanda, digər gəlir mənbələri də mövcuddur. Şirkətlər telekanallarla layihələr həyata keçirə, daxili və beynəlxalq tərəfdaşlıqlar qura bilərlər. Məsələn, bir şirkət telekanalla müqavilə bağlayaraq həm öz fəaliyyətini dəstəkləyə, həm də təbliğatını həyata keçirə bilər”.

Deputat deyib ki, son zamanlar televiziya məkanında neqativ halların artması cəmiyyəti narahat edir:

“Bu, əsasən ucuz və reytinqyönümlü şou proqramları ilə bağlıdır. Bir çox kanallar bu tip verilişlər vasitəsilə gəlir əldə etməyə məcburdurlar, halbuki həmin proqramlar cəmiyyətə, əxlaqa və mədəniyyətə heç bir xeyir gətirmir. Bu səbəbdən sahəyə daha dərin və sistemli yanaşma tələb olunur. Təklif edirəm ki, mövcud sahədə ictimai dinləmələr keçirilsin. Telekanalların rəhbərləri Milli Məclisə dəvət olunsun və müzakirələr aparılsın. Mədəniyyət Komitəsi qanun layihələri hazırlanarkən tədbirlər görsün ki, arzuolunmaz proseslərə yol verilməsin. Mən söz azadlığının məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Burada kompleks yanaşma tələb olunur. Qərarlar kanalları çətin vəziyyətlə üz-üzə qoymamalıdır”.

N.Aslanovun sözlərinə görə, bəzi telekanallar borc içindədir və fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər:

“Belə hallarda ya işlərini dayandırmalı, ya da dövlət və ya investisiya şirkəti onları maddi dəstəkləməlidir. Düzü, onların bağlanmasının lehinə deyiləm. Uğurlu və davamlı televiziya fəaliyyəti üçün iqtisadiyyat güclü olmalıdır ki, istehsalçılar reklam verməkdə maraqlı olsunlar. Reklamverənlər kanalın reytinqinə, baxış sayına və cəmiyyətin marağına görə qərar verməlidirlər. Bu, yalnız kompleks yanaşma ilə mümkündür”.

Novruzəli Aslanov daha bir maraqlı məqama toxunub:

“Biz artıq Prezidentin imzaladığı “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının şahidi olduq. Bu sənəd uzunmüddətli perspektivi nəzərdə tutur və müstəqillik dövründə ilk dəfə belə uzaqgörən plan təqdim olunur. Əvvəllər yalnız beş illik planlar mövcud idisə, indi 10-14 illik inkişaf strategiyası hazırlanır. Bu, ölkənin mədəni və strateji inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Konsepsiya illərə bölünəcək, iş planına daxil ediləcək və bütün sahələri əhatə edəcək. Burada köklü və sistemli yanaşma vacibdir. Hər bir addım ölçülüb-biçilməli, təkcə kəskin qərarlara deyil, yumşaq güc, ekspert rəyləri və təcrübəli mütəxəssislərin tövsiyələrinə əsaslanmalıdır. Yəni “xəncəri götürüb baş kəsim” prinsipi olmamalıdır. Keçmişdə digər dövlətlərin təcrübəsi də öyrənilməli, onların uğurlarından və səhvlərindən nəticə çıxarılmalıdır. Belə yanaşma yalnız davamlı və dayanıqlı inkişafı təmin edə bilər. Ümumiyyətlə, peşəkarlıq olmadıqda, ortaya problemlər çıxır. Bizim peşəkar aparıcılarımız var”.