Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi”  

“1991-1993-cü illərdə ölkəmizdə cərəyan edən hadisələr Azərbaycanın XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin qorunub-saxlanmasını böyük sual altına almışdı. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Həmin dövrdə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin səriştəsizliyi və şəxsi ambisiyalarını ümumxalq mənafeylərindən üstün tutmaları ciddi fəsadlara yol açmışdı. 1993-cü ilin may-iyun aylarında ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Müstəqilliyin itirilməsi, Azərbaycanın isə parçalanaraq dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi bütün reallığı ilə ölkənin başı üzərini almışdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. Həmçinin dövlətçilik anlayışından xəbəri olmayan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilməyəciyini artıq dərk edən o dövrkü iqtidar da sonda Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı. 1993-cü ilin 15 iyun tarixində yenə də xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Müstəqilliyin ilk illərində müdrik xxalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü.”

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, Parlamentin 1993-cü ilin iyun ayında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsindən sonra Azərbaycan dövlət ölkədə cərəyan edən bütün hadisələri faktiki olaraq öz nəzarətinə götürməyə və gedən prosesləri xalqın maraqlarına uyğun istiqamətləndirməyə müvəffəq oldu: “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi dövründə ölkədə həqiqətən də son dərəc mürəkkəb və təhlükəli bir ictimai-siyasi vəziyyət formalaşmışdı. Belə şəraitdə ölkəni siyasi böhrandan çıxarmaq və sabitliyə doğru istiqamətləndirmək üçün reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt müəyyən edilməli idi. Bunu isə yalnız dünya səviyyəli siyasi və dövlət xadimi Heydər Əliyev dühası həyata keçirə bilərdi. Ulu Öndərin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və tərəf müqabilləri onun siyasətini birmənalı olaraq qəbul edirdilər. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Birmənalı olaraq demək lazımdır ki, 1993-cü il iyunun 15-dən oktyabr ayının 3-dək davam edən dövr ərzində ilk növbədə ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Əldə olunan ən mühüm nailiyyətlərdən biri isə, əlbəttə ki, separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısının alınması oldu. Bundan sonra Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri son dərəcə yüksək dəqiqliklə müəyyən etdi, qabaqcıl ölkələrin təcrübəsində artıq uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinə müraciət edərək, onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli quruldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.”

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə 1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyinin durduğunu vurğulayan N.Aslanov bildirib ki, işlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər bilavasitə Ulu Öndərin misilsiz xidmətləri sırasındandır: “1993-cü ildən başlayaraq Azərbaycanda demokratik islahatlara start verildi. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”, – deyən Ulu Öndər tarixi baxımdan qısa bir müddət ərzində dövlətçiliyin əsaslarını qurdu, Konstitusiyamızın qəbul edilməsinə nail oldu, milli ideologiya və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsini yaradaraq xalqa təqdim etdi. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində zəruri islahatlar həyata keçirildi, bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu.

Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Ulu Öndər üzərinə götürdüyü xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmiş, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirərək önların həyata keçirilməsinə nail olmuşdur. Bütün bunlara görə də ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.”