Novruzəli Aslanov: “Xocalı faciəsi XX əsrdə bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər sırasında yer alıb”

“Xocalı qətliamına ilk dəfə hüquqi qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu dəhşətli faciə barədə demişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.” 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı cinayət Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən birinə çevrildi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin Xocalını tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Azərbaycanın qədim tarixi məkanlarından olan Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı.”

Bunu aia.az-a verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Deputat xüsusi olaraq qeyd edib ki, Cənubi Qafqaza, Azərbaycanın tarixi ərazilərinə köçürüldükləri ilk gündən bu günümüzə qədər ermənilərin bu torpaqlarda əl atmadıqları fitnə-fəsad, törətmədikləri qanlı cinayət qalmayıb: “Rus-İran müharibələrinin nəticələri olaraq bağlanmış rüsvayçı Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra ermənilərin bizim dədə-baba torpaqlarımıza gətirilmələrinin yeganə səbəbi də regionda dini tərkibi dəyişdirmək, müsəlmanları öz yurd-yuvalarından qovmaq və lokal etnik təmizləmələr həyata keçirmək idi. Rus imperiyasının bu siyasəti az bir müddətdən sonra erməni ideoloqlarının xəstə təxəyyülündə “dənizdən-dənizə Ermənistan” adlı utopik ideyanın formalaşmasına səbəb oldu. Heç bir əsası və bu gün tarixin göstərdiyi kimi, heç bir perspektivi olmamış bu məqsədlərinə nail olmaq üçün son iki yüz il ərzində ermənilər xalqımıza qarşı ağır və kütləvi cinayət əməlləri törədiblər. O cümlədən son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə olmazın vəhşiliklərə əl atmışdır. Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olan, yalnız Holokost soyqırımı ilə müqayisə edilə biləcək Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər sırasında yer alır.”

Daha sonra N.Aslanov Azərbaycanın öz həqiqətlərini, öz müsibətlərini dünyaya çatdırmaq üçün uzun illər mübarizə aparmalı olduğunu və buna yalnız Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri sayəsində nail olduğunu vurğulayaraq bunları deyib: “İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bu gün də Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində dövlətimiz tərəfindən davamlı olaraq məqsədyönlü addımlar atılmışdır və bu proses bu gün də davam edir. Əslində Xocalı faciəsi kimi qətliamlar bütün dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və əqdlər tərəfindən birmənalı olaraq pislənir, belə əməllərin yolverilməz olduğu açıq-aydın bildirilir. Lakin az öncə də qeyd etdiymiz kimi, müəyyən qüvvələrin səyləri nəticəsində ermənilərin Azərbaycana qarşı törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir və əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və cinayətkarların layiqli cəzalandırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının və xarici siyasətin bariz nəticəsidir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Pakistan, Sudan, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada isə hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır.”

Həmçinin deputat Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya Ədalət” kampaniyasının misilsiz önəm daşıdığını vurğulayıb: “Heç şübhəsiz, Xocalı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində görülən işlərdən danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış və hal-hazırda da davam edən “Xocalıya ədalət” kampaniyasının ölçüyəgəlməz əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bu möhtəşəm kampaniya barədə Leyla xanım Əliyeva özü belə demişdir: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik”. Bu gün beynəlxalq maarifləndirmə kampaniyası dünyanın bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. “Xocalıya ədalət” kampaniyasının qarşıya qoyduğu əsas strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və bu qətliama hüquqi-siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi, vurulmuş maddi və mənəvi ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır. Bu məqsədlərə nail olmaq üçün “Xocalıya ədalət” kampaniyasının gedişində müxtəlif ölkələrdə mütəmadi olaraq sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər keçirilir. Həmçinin sosial şəbəkələrdən kampaniyanın məqsədlərinə çatmaq üçün yüksək effektivliklə istifadə olunur. O cümlədən Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan internet resursu kimi təbliğat və maarifləndirmə işlərində mühüm əhəmiyyət kəsb edir.”

Sonda N.Aslanov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər sayəsində bütün Cənubi Qafqazı erməni faşizminin təhdidlərindən xilas etdiyini qeyd edib: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə apardığı ədalətli müharibənin gedişində döyüş meydanında bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsinin qurbanlarının qisasını düşməndən aldı. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları azad etdi. Ölkənin ərazi bütövlüyü bərpa olundu. Lakin Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik “böyük ermənistan” ideyası sadəcə Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün əsl təhlükə idi. Azərbaycan, Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə bəyan etdiyi kimi, heç vaxt imkan verməyəcək ki, Cənubi Qafqazda erməni faşizmi bundan sonra bir də yenidən baş qaldırsın”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.