“NUR Art House” xalça qalereyasında tamaşaçılara təqdim olunacaq

Yanvarın 14-də “NUR Art House”, “Arts Council Azerbaijan” və “World Crafts Council Europe” təşkilatlarının birgə dəstəyi ilə modelyer-rəssam Nailə Kərimovanın " Keçə sənəti: Zamanın və məkanıın vəhdəti" adlı ilk fərdi sərgisi açılacaq. Keçə ustası Nailə Kərimovanın xalq tətbiqi sənətinə marağı uşaqlıqdan yaranıb. O, Azərbaycan Milli İncəsənət Muzeyində işlədiyi müddətdə incəsənət sahəsini dərindən öyrənməyə başlayıb və uşaqlıq marağı sənətə çevrilib. Daha sonra modelyer-rəssam kimi təhsil alıb və ciddi şəkildə tətbiqi sənətdə yenilik yaratmaq arzusu onu keçə sənətinə gətirib. Nailə Kərimova Azərbaycan mədəniyyəti üçün çox nadir və unikal olan bu sənətin unudulmasını istəmədiyinə görə, ona müraciət edib. Onun yaratdığı əsərlər müxtəlif mövzuları əhatə edir. Ölkəmizin isti iqlim şəraitini nəzərə alaraq keçəni müxtəlif materiallarla kombinə edir və yalnız dekor üçün deyil, həmçinin geyimdə və aksesuarlarda da keçə sənətindən istifadə edir. Dizayner kimi axtarışlarında əsas məqsəd keçə sənətinin müasir ifadə vasitələri və imkanlarını tam olaraq sənətsevərlərə təqdim etməkdir. Alaçıqlara, evlərə istilik gətirən, bu gün isə geyimlərdə incəsənətin müxtəlif üslublarının sintezinə meydan açan keçə sənətinə yeni baxışın nümayişi yanvarın 14-ü saat 17:00-da İçərişəhər, Qəsr küçəsi 27 ünvanında yerləşən “NUR Art House” xalça qalereyasında tamaşaçılara təqdim olunacaq. Sənətsevərləri 1 gün davam edəcək bu qeyri-adi sərgiyə dəvət edirik.

Vüsalə Abdullayeva